İstənilən müharibə mövcud olan münaqişənin, qarşıdurmanın ən pik, intensiv mərhələsidir. Ancaq hər müharibənin də öz həlledici döyüşləri var. Həlledici dediyimiz həmin döyüşlər heç də həmişə ən qanlı və ən şiddətli döyüşlər olmasa da, adətən dünya tarixinin gedişatını, inkişaf istiqamətini müəyyən edir.
Lent.az “Tarixi Dəyişən Döyüşlər” rubrikasında yeni yazısını təqdim edir.
İkinci yazı 1177-ci il noyabrın 25-də baş verən Monjizare döyüşü ilə bağlıdır:
25 noyabr 1177-ci ildə Monjizare döyüşündə səlibçilər Səlahəddin Əyyubinin başçılıq etdiyi müsəlman qoşunlarını məğlub etdi. Bu döyüş 1095-ci ildə başlayan və 3 əsrə yaxın davam edən Səlib yürüşləri ərzində xristianların qazandıqları ən böyük qələbə hesab olunur.
Döyüşün baş verdiyi 1177-ci ildə səlibçilərin Fələstin ərazilərində yaratdıqları Qüds Krallığı Səlahəddinin hakimiyyətdə olduğu Misirə güclü hücum üçün Bizans İmperiyası ilə birləşməyi planlaşdırırdı.
Lakin Səlahəddin xristian ittifaqından bir addım öndə idi. Noyabrın 18-də Səlahəddin Qüds Krallığının sərhədini keçir. Qəzzədəki tampliyerlər Səlahəddinin hücum hədəfinin öz mövqeləri olduğunu hesab edərək hücumu dəf etməyə hazırlaşırlar. Lakin o, qoşunları ilə indiki Aşkelon şəhərinin yanından keçərək yoluna davam edir.
Səlahəddinin qoşunları ilə Qüds Krallığının sərhədlərini keçməsindən xəbər tutan Kral IV Balduin təxminən 500 cəngavər və 3 min piyada ilə Yerusəlimi tərk edərək süvarilərlə (görünür qatır və ya dəvə üzərində) hərəkət edərək Aşkelona yola düşür.
Lakin əslində Səlahəddinin hücumunda əsas hədəf Qüds idi. Buna görə də, Aşkelonda diqqəti yayındırmaq üçün kiçik kontingent qoyur. O, Kral IV Balduinin kiçik ordusu ilə onu təqib etməyə cəsarət etməyəcəyini düşünərək Yerusəlimə doğru istiqamət alır.
Qısa müddətdə müsəlman qüvvələri Ramla şəhərini tutur və Lidda, Ərsufu şəhərlərini mühasirəyə alır. Balduinin ona təhdid törətmədiyini düşünən Səlahəddin talan və ərzaq təminatı üçün qoşunlarının geniş əraziyə səpələnməsinə icazə verir. Lidda şəhərində müsəlmanlar səlibçilərin Müqəddəs torpaqları işğal etməsindən sonra ilk inşa etdikləri Müqəddəs Georq kiləsini murdarlayırlar. Buna görə də Monjizare döyüşündən sonra hadisənin müasirləri inanırdılar ki, Müqəddəs Georq və İsa Məsih həmin döyüş zamanı ağ atların üzərində gələrək səlibçilərə müsəlman qüvvələrini məğlub etməyə kömək edirlər.
Səlahəddinin 26 minlik qoşunu var idi ki, onlardan 8 mini məmlüklər və min nəfəri isə seçilmiş süvari qüvvələri idi. Səlahəddinin müsəlman qüvvələrinin gəlişi fonunda müdafiəsiz qalan Qüds əhalisi dəhşətə gəlir və məbədlərdə göz yaşları içində dua etməyə başlayır.
Səlahəddinin taktiki hiyləsindən – Aşkelona deyil, Yerusəlimə hərəkətindən xəbər tutan IV Balduin tampliyerlərdən Qəzzanı tərk edib ona qoşulmağı xahiş edir. Tampliyerlər Aşkelonun qala divarları altında dayanan müsəlman qoşunlarına hücum edir və qalib gəlir. Tampliyerlər və IV Balduinin başçılıq etdiyi birləşmiş qüvvələr 600-ə yaxın cəngavər, bir neçə min piyada və bir neçə yüz yüngül süvaridən ibarət idi.
Qəfil bir zərbə ilə IV Balduin Səlahəddin Əyyubinin ehtiyat qüvvələrini məğlub edərək əsas ordusunun arxasında göründü. Xristian qüvvələri Ramla şəhəri yaxınlığındakı Monjizare (Gezer) təpəsində Səlahəddinin əsas qüvvələrinə hücum edir.
Hücum anı yaxşı seçilmişdi və Səlahəddinin hərəkətdə olan qoşunları qəfil yaxalandı.
13-cü əsrin alimi və salnaməçisi Əbu Şamanın yazıdıqlarına əsasən, Səlahəddin ordusu səlibçilərdən aktiv müqavimət gözləmirdi. Sultan əsgərlərinə bir-biri ilə sıx durmaq əvəzinə bütün əraziyə səpələnməyi və kəndləri qarət etməyə icazə verməklə səıhv etmişdi”.
Əbu Şama acıqla qeyd etdi: "Bəxt müsəlmanlara qarşı çıxdı".
Salah əd-Dinin şəxsi mühafizəsi olan məmlüklər cəngavər süvarilərinin sarsıdıcı və gözlənilməz hücumu nəticəsində məhv edildi və bütün ordu intizamsız halda qaçmağa başladı. Nəticədə, tarix xristianlar üçün Müqəddəs torpaqlardakı ən böyük qələbə sayılır.
Səlahəddin ordusunun yalnız onda biri ilə Misirə qayıtmalı olur.
25 noyabr 1177-ci ildə baş verən Monjizare döyüşü səlibçilərin Yaxın Şərqdəki mövcudluğunu daha 200 il uzadan və Yerusəlimin səlibçilərin işğalından azda olunmasını ləngidən hadisə hesab olunur.