Kriptovalyutalara yatırım edərkən nələrə diqqət etmək lazımdır? - Mütəxəssis AÇIQLADI 

İQTİSADİYYAT
11:09 / 18.03.2024
562

"Kriptovalyuta alarkən ilk növbədə token və koinlərə nəzər salmaq lazımdır". 

Bu sözləri "Yusifli Tech" şirkətinin təsisçisi, "Blockchain" mütəxəssisi Elşad Yusifli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, koinlər öz blokçeyni olan kriptovalyutalardır:

"Necə ki, bitkoinin özünün blokçeyn şəbəkəsi var və onun vahid kriptovalyutası bitkoindir. Bunun kimi digər blokçeynlər də var. Məsələn, ən məşhurlarından biri "Ethereum"dur. Həmçinin, BNB, ADA, SOL və bir çox blokçeyn şəbəkəsi var. 

Çünki hansısa layihələr həmin şəbəkələrin üzərində qurulur. Onlar layihələrə əlavə altyapı imkanı verdiyinə görə bu koinlər çox dəyərli hesab olunur. Bu koinlərə tələb artdığı üçün qiymətləri də get-gedə bahalaşır". 

346130

Ekspert kriptovalyuta alarkən nələrə diqqət edilməli olduğundan da bəhs edib:

"Kriptovalyutalarla yatırım edərkən komandaya və daha əvvəl hansı layihələri etdiyinə baxmaq lazımdır. Ən vacib məsələ budur. "Ağ kağız" (White Paper) adlanan aktda layihənin gələcəyinə aid hər şey qeyd olunur. O layihənin necə ərsəyə gətiriləcəyi, nə qədər müddətdə hansı işlər görüləcəyi kimi detallar olur.

Tokenomika (Tokenomics) ifadəsi bir kriptovalyuta tokeni və ya rəqəmsal aktivin iqtisadiyyatını ifadə edir. Ona görə də tokenomika ən vacib nüanslardan biri hesab olunur. Bu kriptovalyutanın bazarda necə istifadə olunacağı, hansı aralıqlarla yeni kriptovalyutanın bazara buraxılacağı, tokenlərin investorlara hansı şərtlərlə verildiyi, onun devalvasiya olan token olub-olmadığı kimi detallara diqqət etmək lazımdır". 

Elşad Yusifli diqqətə çatdırıb ki, yatırım edəcəyiniz kriptovalyutanın nə qədər auditoriyasının və icmasının olması da çox vacib məqamdır:
"Daha detallı araşdırmaq üçün isə texniki rəqəmlərə baxmaq lazımdır. Kriptovalyutanın nə qədər miqdarda bazara təqdim olunacağı və onun auditoriyasını bilmək çox mühümdür. Eyni zamanda, hazırda bazarda olan kriptovalyuta rəqəmi də vacibdir. Blokçeyndə hal-hazırda tokenin hansı sayda olduğu məlumatı hamıya açıq olur. 

Sözügedən sayın indiki blokçeyn dünyasında on mindən yuxarı olması çox müsbət rəqəmdir. Lakin on mindən aşağı olana da sual işarəsi ilə yanaşmalıyıq. Deməli, daha böyük kütlələrə çıxa bilməyiblər.

Bundan başqa, tokenin "yandırılmağa" planlanıb-planlanmadığına da baxmaq şərtdir. Bu isə tokenin bir qisminin gələcəkdə bazardan geri çəkiləcəyini göstərir. Bu da öz növbəsində onun qiymətini artırır. Bəzən kriptovalyuta bazarında belə həmlələrə rast gəlmək olur.

Bütün bunlar çox detallı görünür ama kriptovalyuta sektoru çox risklidir. Ona görə bu detallara göz gəzdirib sonra yatırım etmək tövsiyə olunur".

Pərviz

0