İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

ÖLKƏ
17:49 / 18.03.2024
643

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ölkəmizdə fəaliyyət göstərən beynəlxalq və yerli konsaltinq və hüquq şirkətləri, həmçinin sahibkarlıq birliklərinin nümayəndələri ilə görüşüb. 

Görüşə “KPMG”, “E&Y”, “Deloitte”, Auditorlar Palatası, Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Caspian Energy Club”, “MGB Law Office Azerbaijan”, “PMD Group”, “Dentons” və “PSG hüquq” şirkətlərinin təmsilçiləri qatılıblar.

İştirakçılar internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi ilə bağlı məlumatlandırılıb.

İKTA-nın sədri vəzifəsini icra edən Nail Mərdanov giriş sözü ilə çıxış edərək qurum haqqında məlumat verib. O bildirib ki, tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili qeyd edilən sektordakı real vəziyyəti müəyyənləşdirməyə xidmət edir: “Bu araşdırmalar, eyni zamanda Azərbaycanın bir çox beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində də mühüm əhəmiyyətə malikdir”.

Nail Mərdanov əlavə edib ki, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin 60 indikatorundan istifadə edilib və nəticələr agentliyin rəsmi internet resurslarında yerləşdirilib.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, onlar bu araşdırmaların nəticələrindən müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə edə bilərlər.

Qeyd olunub ki, rəsmi saytda yerləşdirilən təhlillə, həmçinin Agentliyin səlahiyyət sahələri ilə bağlı təkliflərə və müzakirələrə tam açıqdırlar.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Toplantı iştirakçıları ölkədə internetin sürəti və qiymətinə nəzarətin artırılmasına, telekommunikasiya sahəsində fəaliyyətə başlamaq istəyən sahibkarlara dəstək verilməsinə, bu sahədəki mövcud qanunvericiliyin yenilənməsinə ehtiyac olduğunu qeyd ediblər.

İKTA rəsmiləri bildirib ki, artıq yeni “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanma mərhələsindədir.

Sonda müraciətlər nəzərə alınaraq hüquq və konsaltinq sahəsində fəaliyyət göstərən sahibkarlarla, həmçinin digər maraqlı tərəflərlə görüşlərin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

0