Pensiyaçıların sayı son bir ildə niyə azalıb? - MARAQLI SƏBƏB

İQTİSADİYYAT
11:59 / 22.03.2024
387

Xəbər verdiyimiz kimi, ötən bir ildə pensiyaçıların sayı xeyli azalıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda deyilir ki, 2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Bu isə o deməkdir ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.

Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb. Beləki,  ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.

Bəs, pensiyaçıların sayı niyə azalıb?

Məsələyə iqtisadçı ekspert Xalid Kərimli aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, pensiyaçıların sayının azalmasının konkret səbəbi var:

“Səbəb ondan ibarətdir ki, 2017-ci ildən Azərbaycanda pensiya qanunvericiliyi dəyişdirildi. Kişilərin və qadınların pensiya yaşı artırılaraq 65-ə çatdırıldı. Kişilərdə bu proses artıq yekunlaşıb. Onlar 65 yaşında pensiyaya çıxırlar. Qadınlarda isə hər il 6 ay artırılmaqla 2027-ci ilə qədər proses yekunlaşacaq. Təbii ki, bu proseslər pensiyaçıların sayına təsir edir. Pensiya yaşının artırılması ona gətirib çıxarır ki, indiki qanunvericilik ölkə əhalisinin daha az hissəsi üçün pensiya hüququ formalaşdırır”.

İqtisadçı ekspert onu da qeyd edib ki, Azərbaycanda orta yaşam müddəti 74 ildir:

“Bu da o deməkdir ki, insanlar pensiya yaşına çatandan sonra 8-9 il pensiya ala bilirlər. Orta yaşam müddəti artmadığına baxmayaraq pensiya yaşı artırılıb. Ona görə də təbii surətdə pensionerlər dünyasını dəyişdikcə daha az insanın pensiya hüququ formalaşır. Ona görə də pensiyaçıların azalması prosesi baş verir. Bu da normal haldır”.

0