Psixoloq: "Tətildən sonra yenidən iş rejiminə başlamaq ruh düşkünlüyü yarada bilir"

SOSİAL
10:16 / 27.03.2024
611

"Hər kəs tətili fərqli şəkildə keçirir. Çünki hər kəsin tətil anlayışı müxtəlifdir".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, çoxuşaqlı valideynlər və ya evdar xanımlar üçün tətil o qədər də dərin bir şəkildə keçmir:

"Hətta bəzən onlar tətilin bitməsinə belə sevinirlər. Bunu evdar xanımlara daha çox aid etmək olar. Çünki onlar evdə tək olanda dincəlmək üçün daha çox zamanları olur". 

Həmsöhbətimiz qeyd edib ki, digər çalışan insanlar üçün isə tətilin bitməsi bir az ruh düşkünlüyü yaşada bilir:

"Nəzərə almaq lazımdır ki, iş rejimləri istər fiziki, istər zehni olaraq gərgin və yorucu olur. Həmin insanlar tətildə daha çox istirahət edirlər. Onlar tək və ya ailələri ilə birlikdə olmasından asılı olmayaraq bacardıqları qədər istirahət etməyə çalışırlar. 

Ona görə də çalışan insanlar üçün tətildən sonrakı iş rejiminə uyğunlaşmaq bir az yorucu olur. Bir neçə günlük tətildən sonra yenidən iş rejiminə başlamaq bəzi insanlarda ruh düşkünlüyü yarada bilir". 

346606

Psixoloq tətildən sonra işə adaptasiya olmaq üçün nələri etməli olduğumuzdan da bəhs edib:

"İlk növbədə məqsədlərimizə köklənməliyik. Məsələn, maaşımızla istədiyimiz nəyisə almağı, hansısa kiçik və ya böyük hədəflərimizi düşünərək motivasiyamızı bir az da olsa yüksəltməliyik. Ümumiyyətlə, biz işimizin olduğunu və çalışdığımızı anlamalıyıq. Çünki biz özümüzə bunları deməsək, motivasiya verməsək, işə yorucu halda gedəcəyik.

Yenidən işin başlayacağı ilə bağlı neqativ düşüncələr düşünməmək üçün özümüzlə söhbət etməliyik. İşin sayəsində gəlir qazandığımızı və inkişaf etdiyimizi də unutmamalıyıq".

Nabat Mirzəyeva vurğulayıb ki, bir-iki gün sonra isə yenidən işə adaptasiya olacağıq:

"Ona görə ki, mühitə uyğunlaşma deyilən bir anlayış var. Tətildən sonra işə qayıdanda ruh düşkünlüyü yaşasaq da, alacağımız maaşla müəyyən qədər istədiklərimizi həyata keçirə biləcəyimizi nəzərə almalıyıq. İnsanın özü ilə söhbəti ona daha yaxşı təsir göstərir. Ruh düşkünlüyü yaşayaraq isə heç nəyə nail ola bilmərik. Özümüz özümüzə motivasiya verməyə çalışmalıyıq".

Pərviz

0