Uşağa ölüm necə izah edilməlidir?

SOSİAL
23:00 / 27.03.2024
695

Adətən uşaqlar 3 yaşından başlayaraq, valideynlərinə suallar verməyə başlayır.

Valideynlərin qarşısında aciz qaldığı suallar ölüm haqqında verilən suallardır.

Verilən yanlış cavab uşağa psixoloji travma vura, ölüm qorxusu yarada bilər.

Bəs, uşağın psixologiyasını zədələmədən onun ölüm haqda verdiyi sualları necə cavablamaq lazımdır?

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, ölüm hadisəsi baş veribsə bunu uşağın ən yaxını deməlidir. Baba-nənə dünyasını dəyişibsə, valideyni; yox, əgər valideyn dünyasını dəyişibsə, ailədə uşağa emosional bağlılığı ən güclü olan şəxs deməlidir. Uşağın bu xəbəri başqalarından eşitməsi doğru deyil. Özünə ən yaxın bildiyi insanın deməsi daha məqsədəuyğundur:

“Başqa bir dünyanın olduğunu və həmin adamın da orada olduğunu demək olar. Amma bu zaman diqqətli olmaq lazımdır. “O biri dünya” anlayışını uşağa çox şişirtmək olmaz. "Ora çox gözəldir..." deyə başlayan cümlələrdə diqqətli olmalıyıq. Ölümü və "O biri dünya" anlayışını çox gözəl təqdim düzgün yanaşma deyil. Əks halda ölümü dərk edə bilməyən uşaqda intihara meyil yarana bilər. Bizim "Ora çox gözəldir..." deyə başlayaraq, qabartdığımız fikirlər uşaqda "O biri dünya"ya, ölümə rəğbət hissi oyada bilər. Bu halda da intihara meyil yaranır. Ona görə nə qorxutmaq, nə də rəğbət qazandırmaq olar. Sakit şəkildə, qısa, detallara girmədən məlumat vermək lazımdır. Çox detallı danışmağa ehtiyac yoxdur”.

Sevinc

0