Yaz mövsümü başlayan kimi, yaz depressiyası da özünü göstərməyə başlayır. Ümumiyyətlə, mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusi yer tutur.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, mövsüm dəyişməsi ilə bağlı olaraq , həssas insanlarda əhval pozğunluqları ola bilər:
“Yəni, həm yaxşı, həm də pis əhval yaranır. Məsələ burasındadır ki, bu cür dəyişikliklər daha çox payız və yaz aylarına təsadüf edir. Bu psixologiyadan daha çox əziyyət çəkən, narahat olan insanlarda daha çox özünü büruzə verir. Daha çox metrohəssas insanlarda fəslin dəyişməsi əhvalın dəyişməsinə səbəb olur. Elə insanlar var ki, yaz-payız depressiyalarında əhvalları daha çox neqativə yönlənir”.
Psixoloq qeyd edib ki, əgər yaz depressiyası 3-5 gündən artıq davam edərsə, mütləq şəkildə tədbir görmək lazımdır:
“Əgər bu hal 3-5 gündən sonra çəkilib gedirsə, bundan narahat olmaq olmaz. Yox əgər xroniki hal alırsa, həftələrlə davam edirsə, tutaq ki, əli heç bir işə qalxmırsa, bütün günü evdə qapanıb qalırsa, ətrafı ilə ünsiyyət qurmur, telefonlara cavab vermirsə və digər bu kimi hallar müşahidə olunursa, deməli, bu, siqnal kimi dəyərləndirilməli, aradan qaldırmağa çalışmaq lazımdır. Bunun üçün insan özü konkret addımlar atmalıdır. Özü bu durumdan çıxa bilmirsə, yaxşı olardı ki, mütəxəssisə müraciət etsin. Düşünürəm ki, insan özü burda daha çox çalışmalı, açıq havada daha çox vaxt keçirməli, sevdikləri, doğmaları ilə daha çox zaman keçirməlidir. Belə olan halda insan depressiyaya düşmür, düşsə bu halda tezliklə qurtula biləcək”.
Sevinc