Xəbər verdiyimiz ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni rəhbərliyi bəlli olub.
Rövşən Nəcəf qurumun yeni prezidenti seçilib. Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar. Onu da qeyd edək ki, Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.
Maraqlıdır, AFFA-nın yeni rəhbərliyinin dövründə nələrsə dəyişəcək?
Tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında deyib ki, AFFA-nın yeni rəhbərliyinin necə işləyəcəyi ilə bağlı indidən birmənalı fikir bildirmək olmaz:
"Amma bəzi detallar var ki, onlara əsasən proqnoz vermək olar. Məsələn, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf futbol sahəsinə bələd olmaq üçün bir müddət “Neftçi”də çalışıb. Neçə çalışıb? Bərbad. “Neftçi” tam qeyri-peşəkar səviyyədə idarə olunub. Sərgən Yalçınla danışıqlardan tutmuş Adrian Mutunun baş məşqçi gətirilməsinə qədər verilən bütün qərarlar yanlış olub. Ona görə də, təbii ki, cəmiyyətdə də bir xof yaranıb".
Onun sözlərinə görə, hər kəs yenilərin köhnələrdən də betər olacağını düşünür:
"Bunun üçün əsas da var. Rövşən Nəcəfin kadrlarının arasında peşəkarlar yoxdur. Onların Azərbaycan futbolu ilə bağlı hansı ideya və təklifləri var? Futbolumuzu bataqlıqdan çıxartmaq üçün konsepsiyaya sahibdirlərmi? Hər halda, bununla bağlı heç nə məlum deyil. Amma bu haqda hesabat verməyə borclu idilər.
Deməli, strategiya və konsepsiya yoxdur. Bəs onda nə etmək istəyirlər? İşə nədən başlamaq niyyətindədirlər? Ümumiyyətlə, iş görmək niyyətləri varmı? Təəssüf ki, bu salların cavabı yoxdur. Ona görə də, hələ bir müddət gözləməliyik. Görək bunlar hansı addımları atırlar, nə etmək istəyirlər. Ancaq ilkin təəssürat nikbinlik üçün heç bir əsas vermir. Gəlin 100 gün gözləyək. Ümid edək ki, ilkin təəssüratımızda yanılacağıq".
Pərviz