"Dəmir Ledi" nin niyə övlad sarıdan bəxti gətirmədi? - Tetçerin oğlu ilə qızının qalmaqallı taleyi

MARAQLI
23:50 / 10.04.2024
439

Hər bir valideyn övladları ilə fəxr etmək istəyir. Marqaret Tetçerin oğlu ilə qızı isə sanki əllərindən gələni ediblər ki, analarını məyus etsinlər. Marqaret dünyanın ən güclü və ağıllı qadınlarından biri kimi tarixə düşsə də, belə görünür ki, övlad sarıdan bəxti gətirməyib.

Publika.az bu yazıda oxucuları Marqaret Tetçerin övladlarının həyat hekayələri ilə tanış edib.

Dəmir Ledi Britaniyanın baş naziri vəzifəsini tutan ilk qadın kimi tarixə düşdü; görkəmli, lakin son dərəcə mübahisəli siyasətçidir. Siyasi qərarları ictimai etirazlara səbəb olsa belə, əyilməzliyinə və güclü xarakterinə görə onu “Dəmir Ledi” adlandırırdılar. Lakin Marqaret Tetçer bütün gücünü Böyük Britaniyanın rifahına xidmət etməyə sərf edərkən, öz övladlarının təlim-tərbiyəsini ikinci plana atmalı olub. Bəs bu fədakarlıq Marqaretə nəyin bahasına başa gəldi?

O, 1996-cı ildə yazdığı “Hakimiyyətə gedən yol” adlı memuarında yazırdı: “Ana və evdar qadın olmaq böyük çağırışdır. Ancaq mən hiss etdim ki, bu mənim yeganə çağırışım deyil. Mən həm də karyera qurmaq istədiyimi bilirdim”.

1953-cü ilin yayında Marqaret Tetçer parlamentə namizədliyini irəli sürməyə hazırlaşırdı. Lakin Mark və Kerolun əkizlərinin dünyaya gəlməsi onu planlarını yenidən nəzərdən keçirməyə məcbur etdi. O, siyasi ambisiyalarından əl çəkmədi, sadəcə onların həyata keçirilməsini təxirə salmağa qərar verdi. “Gözlənilməz şəkildə əkiz uşaq dünyaya gətirdik - doğulan günə qədər əkiz olduğunu bilmirdik. Düşünürəm ki, ən azı altı ay namizədlik mövqeyi barədə düşünməməliyəm. Mən özümü lazımi şövqlə başqa fəaliyyətlərə həsr etməzdən əvvəl, ev təsərrüfatı xeyli yenidənqurma və etibarlı dayə tapmaq tələb olunur ki, özümü sərbəst hiss edim”, - Marqaret həmkarı Con Haerə məktubunda yazıb.

Marqaretin özü üçün təyin etdiyi “siyasi tabuya” baxmayaraq, çox vaxt itirmədi. Dayə tapmaq və evin təmiri ilə paralel olaraq o, hüquq bürosunda altı aylıq təcrübə keçdi və bu, ona böyük siyasət dünyasının hüquqi tərəflərini dərk etməyə imkan verdi. Tezliklə Marqaret parlamentdəki yer uğrunda mübarizəsini davam etdirmək qərarına gəldi, buna görə də uşaqlara qayğı və ev təsərrüfatının bütün yükü tamamilə dayələrin - Barbara və Abbinin çiyinlərinə düşdü.

Marqaret Tetçerin əkizlərlə bağlı pozmamağa çalışdığı yeganə qayda “ailəvi həftə sonları” idi. Mətbuat katibi Bernard İnqamın sözlərinə görə, Marqaret Tetçer həftə sonlarını ailəsi ilə keçirmək istədiyini tez-tez dilə gətirir və xırda məsələlərə görə onu narahat etməməyi xahiş edirdi. Bundan əlavə, Marqaret tez-tez uşaqlarını hədiyyələrə boğur və onlara öz qərarlarını verməyə icazə verirdi. “Buraya yataq otağımız üçün divar kağızı seçməkdən tutmuş bazar günü kilsəyə getməməyə qədər hər şey daxil idi”, - Kerol müsahibələrinin birində dilə gətirib. Təbii ki, belə sərbəstlik uşaqların xoşuna gəlirdi, lakin bir müddət sonra anlayırlar ki, bütün bu imtiyazlar və hədiyyələr ana qayğısını və sevgisini əvəz etmir.

Mark Tetçer

Uşaqlıqdan Marqaret Tetçerin oğlu nə üstün zəka, nə də nümunəvi davranışı ilə seçilmirdi. Amma evdə məhz Mark daha çox diqqət çəkirdi və valideynlərin sevimlisi idi. Bir ailə dostunun dediklərinə görə, Marqaret Kerolun Markdan daha iddialı olduğuna inanırdı və bu da o deməkdir ki, qız öz işlərini təkbaşına idarə edə bilirdi. O, oğlunu elit Harrou özəl məktəbinə yazdırdı, lakin bu da Markın daha çalışqan tələbə olmasına kömək etmədi. Dərsləri buraxır, ev tapşırıqlarını yerinə yetirmir və anasının xidmətlərini daim xatırladaraq sinif yoldaşları arasında nüfuz qazanmağa çalışırdı. Gəncin təkəbbür və snobbizmini ətrafdakıları qıcıqlandığından məktəbdə heç kəs Markla dost olmaq istəmirdi. Nəhayət sertifikatı alanda, peşə seçmək vaxtı gəldi. Mark üç dəfə mühasibatlıq kurslarına yazıldı, iş adamı olmağa çalışdı və avtomobil yarışlarında iştirak etdi, lakin heç birində uğur qazana bilmədi.

Marqaret Tetçer baş nazir olduqdan üç il sonra onun oğlu qəflətən yoxa çıxdı. Məlum oldu ki, Paris-Dakar rallisində iştirak edən oğlan yolun yarısında maşını səhv döndərdiyi üçün səhrada itib. Markın 6 gün səs-səmiri gəlmədi. Marqaret narahatlıqdan özünə yer tapa bilmirdi. Odur ki, Dəmir Ledi hərbiçilərin iştirak etdiyi genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı təşkil etdi. Hər şey yaxşı başa çatsa da, Mark öz davranışları ilə ictimaiyyəti bir daha şoka saldı. O, televiziya müxbirlərinin yanından narazı bir üzlə keçdi və öz valideynləri də daxil olmaqla, onu xilas edən insanlara adi bir təşəkkür belə etmədi.

1987-ci ildə Mark ikinci əl avtomobil satışı biznesinin Texaslı varisi Diana Berqdof ilə evləndi və onunla birlikdə Afrikaya köçdü. Tezliklə cütlüyün iki övladı dünyaya gəldi: Maykl və Amanda. Üstəlik, Mark birdənbirə milyonçu oldu. Təsdiqlənməmiş məlumatlara görə, o, ərəb ölkələrində anasının bağladığı hərbi və tikinti sövdələşmələrində vasitəçi olmaqla böyük komissiyalar alıb. Lakin Marqaret Tetçer özü bunu heç vaxt etiraf etməyib. Markın sahibkarlıq karyerası burdan başladı, eyni zamanda da o, qaydalarla oynamağı sevmirdi. Nəticədə iş adamının adı beynəlxalq qalmaqalda hallandı. 2004-cü ildə Ekvatorial Qvineya hakimiyyəti onu dövlət çevrilişi təşkil etmək cəhddində ittiham etdi. Mark sui-qəsddə iştirakını inkar etdi, lakin o, sürgündə olan müxalifət liderinin ölkəyə qayıtmasına kömək etməyi planlaşdırdığını açıqladı. Markın sözlərinə görə, guya müxalifət lideri yardım müqabilində regionun zəngin neft yataqlarına çıxış əldə edəcəyini vəd edib. Ona dörd il şərti cəza verildi və 265 min funt sterlinq cərimələndi. Sösüz ki, Böyük Britaniyanın keçmiş baş nazirinin oğlunun “şöhrəti” dərhal bütün Avropaya yayıldı. Marqaret Tetçerin müşaviri isə bildirdi ki, ledi Markın hərəkətlərindən çox dərin utanc duyur.

Bir neçə il sonra Mark Dianadan boşandı və İspaniyaya köçdü. O, orada Londondakı varlı bir layihəçinin qızı Ceyn Rassell ilə tanış oldu. Cütlük 2008-ci ildə evləndi. Qeyd edək ki, nə Markın valideynləri, nə də bacısı mərasimə dəvət olunmayıb.

O, bir neçə il idir ki, ilk evliliyindən olan övladlarını görmür. Onlar ABŞ-da anaları ilə yaşayırlar, lakin Amerika hökumətinin Afrika hadisəsi ilə bağlı ölkəyə giriş qadağası səbəbindən Mark onların yanına gedə bilmir.

Kerol Tetçer

Kerolun anası ilə münasibəti həmişə soyuq olub. “Uşaq olarkən hətta mən ondan qorxurdum. Mən həmişə onun üçün ikinci yerdə olduğumu hiss edirdim. “Sevilməyən” sözü tamamilə doğru deyil, amma heç vaxt onların mənimlə fəxr etdiklərini hiss etməmişəm”, - Markın bacısı açıqlamasında etiraf edib.

Kerol məktəbin İdman Günündə mükafat qazandığını, lakin valideynlərindən heç birinin qızlarının mükafat almasını izləməyə gəlmədiyini bildirib. Bu və ya digər şəkildə o, həqiqətən də Markdan daha inandırıcı xarakterə və yaxşı humanitar qabiliyyətlərə malik idi. O, London Universitet Kollecini bitirib, sonra Avstraliyada qısa müddət müxbir kimi çalışıb. Daha sonra Kerol Böyük Britaniyaya qayıdıb və 1983-cü il ümumi seçkiləri haqqında köşə yazısı yazaraq, özünü siyasi jurnalistikada sınayıb. Buna baxmayarq, natamamlıq hissi Kerolu heç zaman rahat buraxmırdı. “Mark gözəl bir qızla evlidir, onun iki gözəl övladı və dünyanın dörd bir yanında malikanələri var. Mən isə daimi yaşayış yeri olmayan, xizək kurortunda kirayədə yaşayan “qoca qulluqçuyam”, - qız 1990-cı illərin ortalarında verdiyi müsahibəsində daha bir acı etirafını dilə gətirib.

Ancaq sonrakı illərdə Kerolun bəxti üzünə güldü. O, BBC-nin məşhur axşam televiziya proqramı - “The One Show”un müxbiri oldu. Daha sonra o, Avstraliya cəngəlliklərində sağ qalmaq uğrunda mübarizə apardığı realiti şouya dəvət edildi. Kerol rəqiblərindən daha yaxşı çıxış etdi, qalib gəldi və “Cəngəllik kraliçası” titulunu, həmçinin 40.000 funt sterlinq mükafatını aldı. Zəfəri dadandan sonra Kerol yenidən jurnalistikaya qayıtdı. Lakin 2009-cu ildə o, məşhur afro-amerikalı tennisçini qollivoqla (qaradərili insanı təsvir edən cır-cındır kukla) müqayisə etmək “cəsarəti” tapdı. Bu hadisə Kerolun televiziyadakı sonrakı karyerasına son qoydu.

Əslində, Kerol reputasiyasını və ailəsi ilə münasibətlərini çoxdan korlamışdı. O, “Anamın əzabına görə Markı günahlandırıram” və ya “BBC Anamı necə rüsvay etdi” kimi başlıqlarla məqalələr dərc etməyə başladı, lakin onun ən bədnam və qalmaqallı “əsəri” 2008-ci ildə Marqaret Tetçerin həyatından bəhs edən kitabı oldu. “Dəmir xanım”ın ağlını sürətlə itirməsinə həsr edilən kitab “Qızıl balıqla akvariumda üzmək” adı altında buraxıldı. Kerol anasının demensiyadan əziyyət çəkdiyindən ilk dəfə necə şübhələnməyə başladığını və xəstəliyinin necə irəlilədiyi barədə ətraflı məlumat vermək qərarına gəldi. O, dünyaya keçmiş baş nazirin ölən ərinin sağ olduğuna inandığını, səhər yeməyində nə yediyini xatırlamadığı və ona tibb bacısının baxdığını söylədi.

Camaat Kerolun kitabını son dərəcə soyuq qarşıladı. Lakin hamıdan çox 82 yaşlı Marqaret Tetçer sarsılmışdı. “Ledi Tetçer kitabı oxuyan zaman səhhəti ilə bağlı faktların da çap olunduğu görəndə şoka düşdü. Amma onu hər şeydən çox incidən bunu öz qızının etməsi idi”, - yazıçı Robert Harris bildirib.

Kerol ömrünün sonuna qədər anası ilə münasibətlərini bərpa edə bilmədi. Marqaret Tetçer övladlarının və nəvələrinin onunla ünsiyyət qurmamasından şikayətlənəndə, Kerolun ona cavabı daha da sərt olmuşdu: “Ananın övladlarının sevinclə qayıtmasını gözləməsi və itirdiyi vaxtın əvəzini çıxmaq istəyi ağlabatan deyil. Olmayan bir ana həddindən artıq qoruyucu nənəyə çevrildi, bu, balanslaşdırılmış bir vəziyyət deyil”.

Kerol heç vaxt evlənməyib. İndi o, İsveçrədə yaşayır, vaxtaşırı vətənə qayıdır, qardaşı ilə ümumiyyətlə əlaqə saxlamır.

0