Boşanmaların artmasının səbəbi…

SOSİAL
18:50 / 15.04.2024
835

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb. 

Rəqəmlərdən də bəlli olur ki, boşanmaların sayı günü-gündən artır. 

“Vəfa” Sosial İctimai Birliyinin sədri, sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, boşanmaların səbəbkarı kimi yalnız bir cinsi günahlandırmaq düzgün deyil:

“Qadın özünə daha çox diqqət yetirməlidir. Evlənməzdən əvvəl nişanlı olarkən hər iki tərəf özünə daha çox diqqət yetirir, ən yaxşı tərəflərini göstərməyə çalışırlar. Evləndikdən sonra isə bir-biri üçün adiləşirlər və nəticə etibarilə kişilərin gözü kənar mühitə daha çox meyl edir. Bunun səbəbkarı yenə də qadın özü olur. Qadınlar daha çox ev işləri, uşaqlarla məşğul olur və kişiyə az vaxt ayırır. Kişi evə gələrkən qadın özünə qarşı səliqəli olmur və artıq uzun müddətdir bir evdə yaşadıqlarını düşünərək , bunu normal qəbul edir. Əslində isə bu belə deyil və qadın hər zaman, xüsusilə də yoldaşının yanında özünə fikir verməlidir. Həmçinin, qadının uşağı olduqdan sonra hormon pozğunluğu ilə əlaqədar kökəlmə prosesi gedir və o, özündə kompleks yaradaraq , tez-tez yoldaşının yanında bununla bağlı danışır. Lakin nəticə etibarilə bəlkə də kişi onun kökəlməsinə diqqət etmirdisə də, artıq özü onun beyninə bu fikri diqtə edir. Təbii ki, bu zaman kişinin şüuraltında öz yoldaşına qarşı antipatiya kimi fikirlər formalaşır. Bu cür xırda nüanslar belə ailənin boşanmasına gətirib çıxaran səbəblər ola bilər”. 

Sosioloqun bildirib ki, ailədaxili problemlər olsa da, heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür: 

“Ailədə problem var, amma heç kəs onu həll etməyə çalışmır və çıxış yolu olaraq boşanmanı seçir. Ümumiyyətlə, son illər boşanmaların artmasının əsas səbəbi xırda nüanslara görədir. Ailə xırda detalı böyüdüb sonda boşanma baş verir. Əvvəlki ailə dəyərləri artıq yoxdur, insanlar bu gün üçün yaşayır, gələcəyi düşünmür”.

Sevinc

0