Xəzərdə süni torpaq sahələri hansı məqsədlər üçün istifadə oluna bilər? - Deputat açıqladı

İQTİSADİYYAT
13:54 / 16.04.2024
342

Xəzərdə süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni imkanlar açacaq.

HİT.az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Nurlan Həsənov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur.

“Bəzi dövlətlər bundan enerji, nəqliyyat, turizm, digərləri isə hərbi məqsədlər üçün istifadə edirlər. Yaponiya süni adalardan nəqliyyat məqsədilə istifadə edir. Süni adalar beynəlxalq konvensiya əsasında yaradılır. Yeni qanun layihəsi bu sahədə Azərbaycanda yeni imkanlara yol açacaq”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub.

Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

0