Buraxılış imtahanları nə üçün tədris ilinin sonunda keçirilmir?

ÖLKƏ
10:35 / 17.04.2024
363

Zaman-zaman buraxılış imtahanlarının tədris ili bitmədən keçirilməsi müzakirə predmetinə çevrilir. 

Bu, xüsusilə şagirdləri narahat edən məqamlardan biridir. Onlar, tədrisin başa çatmasına qısa müddət qalmış buraxılış imtahanlarının keçirilməsindən narazı olduqlarını bildirirlər. Şagirdlər buraxılış imtahanı verdikdən sonra məktəbə getmək istəmirlər. Onlar, imtahanların tədris ilinin sonunda keçirilməli olduğunu düşünürlər. Həmçinin, valideynlərin də əksəriyyəti onlarla eyni fikirdədirlər. 

Ümumiyyətlə, buraxılış imtahanları nə üçün tədris ilinin sonunda keçirilmir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, buraxılış imtahanı qəbul imtahanının birinci mərhələsi hesab olunur:

348022
"Yəni buraxılış imtahanı vermək şagirdləri artıq məktəbə getməkdən azad etmir. Çünki onların illik yekun qiymətləndirilməsi çıxmalıdır. Həmin qiymətləndirmə isə iyun ayında aparılır və ona əsasən şagirdlərə attestat təqdim olunur. 

Təəssüflər olsun ki, şagirdlər bəzi şəxslər tərəfindən yanlış istiqamətə yönləndirilirlər. Onlar, buraxılış imtahanı verməklə tədrisi başa çatdırdıqlarını düşünürlər. Amma bu, elə deyil". 

Ekspert buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməməsinin səbəbini isə belə izah edib:

"Artıq yeni qaydalarla imtahan keçirilir. Burada açıq tipli suallar var ki, onların da yoxlanılması uzun müddət çəkir. Belə olan təqdirdə isə imtahanları erkən keçirmək zərurəti yaranır. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də imtahanlar tədris ili başa çatmadan keçirilir. Məsələn, bəzi ölkələrdə oktyabrda, yanvarda və ya digər aylarda buraxılış imtahanları keçirilir. 

Əgər bu, konkret buraxılış imtahanı olsa və şagirdlər onun əsasında attestat alsa, o zaman iradlara haqq qazandırmaq olar. Amma buraxılış imtahanı qəbul imtahanının birinci mərhələsidir və bunun əsasında şagirdlərə attestat təqdim olunmur. Ona görə də indiki vəziyyətdə şagirdlər imtahanla bağlı etirazlarında haqlı deyillər".

Pərviz

0