İsrail İrana qarşı hansı addımları atacaq? - "Mütləq şəkildə..."

DÜNYA
12:48 / 17.04.2024
355

"İranda islam inqilabının baş verdiyi 1979-cu ildən indiyə qədər İsraillə düşmənçilik çalarları hiss olunur".

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O qeyd ki, rəsmi Tehran tərəfindən hər zaman İsraili Yer üzündən siləcəklərinə dair bəyanatlar səsləndirilib:

"Son zamanlarda isə tərəflər arasındakı vəziyyət daha da gərginləşib. Onu da bildirim ki, İran İsrailə qarşı hər zaman quru bəyanatlar verib. İsrail dövləti isə müxtəlif zamanlarda İranın hərbi obyektlərinə zərbələr endirib və hətta İranın nüvə silahı üzrə mütəxəssis olan alimlərini aradan götürüb. 

Məlum olduğu kimi, sonuncu dəfə də İranın Suriyadakı konsulluğuna zərbələr endirildi. Ondan sonra rəsmi Tehran İsrailə qarşı sərt addım atacağına dair bəyanatlar verməyə məcbur oldu".

348034

Ekspert İranın İsrailə yönəlik hədələrini də "oyun" adlandırıb:

"İranın bəyanatları da sanki oyun idi. Çünki əvvəlcədən İsrailə xəbərdarlıq edirdilər. Bu da səbəbsiz deyildi. Onlar bilirdilər ki, İsrailə qarşı açıq müharibəyə girsələr, İran üçün çox acınacaqlı bir vəziyyət meydana gələ bilər. 

Nəzərə almaq lazımdır ki, İsrail tək deyil, ABŞ və Böyük Britaniya kimi dünyaya meydan oxuyan mütəffiqləri var. Rəsmi Tehran da bunu çox gözəl anlayır. Ona görə də, İran yalnız görüntü xatirinə İsrail ərazisinə zərbələr endirdi. Nəticədə, İsrail dövlətinə ciddi ziyan dəymədi". 

Elçin Abdullayev bildirib ki, son baş verən hadisədən sonra İran bir az da nüfuzunu itirdi:

"Çünki bu məsələdə İranın heç nəyə nail olmadığı və İsrailə nə isə edə bilməyəcəyini bütün dünya açıq şəkildə gördü. Həmçinin, İranın İsraildən çəkindiyi də müşahidə olundu".

Politoloq hesab edir ki, İsrail İranın hava zərbələrinə qarşı hər hansısa əməliyyat həyata keçirəcək:

"Bunun iki dövlət arasında böyük bir müharibəyə səbəb olacağı qənaətində deyiləm. Amma cavab mütləq olacaq. İsrailin cavabının indiyə kimi İrana vurulan zərbələrdən qat-qat ağır olacağı gözlənilir. Çünki İsrail hakimiyyətində İrana qarşı mübarizədə tək olmadıqlarına dair əminlik yaranıb.

Həmçinin, İsrail İranın sərt və adekvat cavab verə bilməyəcəyini də düşünə bilər. İsrail dünənə qədər İranın sərhədlərindən kənarda olan hərbi obyektlərinə zərbələr endirirdi, amma indi İranın daxilindəki hərbi bazalar hədəf alınacaq. Amma genişmiqyaslı müharibə olmayacaq. Çünki genişmiqyaslı müharibə sadəcə İrana deyil, İsrail üçün də ciddi problemlərə yol aça bilər".

Pərviz

0