Dünənki hadisəni həm region ölkələri, həm Qərb yüksək dəyərləndirməlidir - Türkiyəli general

SİYASƏT
22:29 / 20.04.2024
390

Dünən Azərbaycan üçün tarixi bir gün idi. Azərbaycanın 44 günlük zəfərindən sonra hər sahədə necə irəlilədiyini, hədəflərinə pillə-pillə çatdığının şahidi olduq.

Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu hədəflərin tək bir insanın burnu qanamadan, qarşılıqlı dialoqla həll edilməsi son dərəcə mühümdür.

"Bu addım güclü siyasi liderlik, güclü ordu və xalqla bağlı olan bir hadisədir. Bunu həm region ölkələri, həm Qərb yüksək dəyərləndirməlidir. Şanlı Azərbaycan tarixinə daha bir qələbə yazıldı.Əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin bir güllə atılmadan, qan tökülmədən Azərbaycanın nəzarətinə qaytarılması tarixi hadisədir. Ümid edirəm ki, tez bir müddətdə delimitasiya və demarkasiya, sülh prosesi tamamlanar", - deyə Y.Karauz bildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

0