Hansı məhsullar ucuzlaşacaq? - Ekspert AÇIQLADI

İQTİSADİYYAT
12:51 / 25.04.2024
543

Son günlərdə ölkəmizdə bəzi məhsulların qiyməti ucuzlaşıb. 

Belə ki, yumurta, ət və xiyarın qiyməti əvvəlki günlərlə müqayisədə müəyyən qədər aşağı düşüb. Satıcılar başqa məhsullarda da ucuzlaşma gözlənildiyini deyirlər. 

Maraqlıdır, bu ucuzlaşmaya səbəb nədir? Qarşıdakı zamanda başqa hansı məhsulların qiyməti aşağı enəcək? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, mart ayında yumurtaya təlabat artır:

"Çünki Novruz Bayramı ilə əlaqədar hazırlanan bütün şirniyyatlarda yumurtadan istifadə olunur. Əsas səbəb təklifin tələbdən çox olmasıdır. Azərbaycanda gündəlik yumurta istehsalı 5 milyon ədəddir. Amma bazarın gündəlik tələbi 3.2 milyondur. Bu isə qiymətləri aşağı salır. İstehsalçılar ixrac edə bilməyəndə məcbur qalaraq daxili bazarda ucuzlaşmaya gedirlər". 

Ekspert xiyarın ucuzlaşmasının səbəbindən də danışıb:

"Xiyar və pomidor kimi tərəvəzlərin fəsli gəldikcə onların qiymətləri də ucuzlaşır. Nəzərə almaq lazımdır ki, parnik məhsulları baha olur. Çünki o qapalı yerdə yetişdirilir, istehsal xərci çox olur. Sahibkar da pul qazanmaq istəyir. Amma məhsulların fəsilləri yaxınlaşdıqca açıq havada istehsal olunan tərəvəzlər onların qiymətini aşağı salır. 

Ümumiyyətlə, məhsulların qiyməti qeyri-fəsil dönəmində baş verir. Bu, əsasən təklifin həcmi ilə əlaqədardır. Bazarda məhsullara təlabat olması üçün qiymətləri ucuzlaşdırırlar". 

348676

Mütəxəssis xatırladıb ki, ötən il ət də kəskin şəkildə bahalaşmışdı:

"Əsasən bayramlarda və yay aylarında ətin qiyməti daha baha olur. Qiymətin kəskin artması isə alıcılıq qabiliyyətinə də mənfi təsir göstərdi. Hazırda isə ət istehsalında istifadə olunan bir çox yem komponentləri ucuzlaşıb. Belə ki, son günlərdə dənli bitkilərin də qiymətinin ucuzlaşması müşahidə olunur. Bütün bunlar da ətin qiyməti azalmasına təsiri var". 

Xalid Kərimli yaxın zamanda ucuzlaşması gözlənilən məhsulların adlarını çəkib:

"Un məhsullarının daha da ucuzlaşacağını gözləyirəm. Çünki son 1 ayda Rusiyanın buğda ixracı qiymətləri 9 faiz, son 3 ayda isə 16 faiz aşağı düşüb. Ona görə də daxili bazarda buğda və unun qiymətlərinin ucuzlaşma ehtimalı böyükdür. Duru yağları və südçülük məhsullarının da qiyməti enə bilər. 

Lakin düyü və kakaonun idxal qiymətləri artdığı üçün bahalaşma ehtimalı var. Digər ərzaq qiymətləri ya stabil qalacaq, ya da ucuzlaşacaq. Amma təbii ki, dünya bazarlarında baş verən proseslər qiymətlərə təsir göstərə bilir".

Pərviz

0