Digər kəndlər nə zaman qaytarılacaq? - "Bu il ərzində..."

SİYASƏT
15:32 / 26.04.2024
545

"Azərbaycana qaytarılacaq Qazaxın 4 kəndinin anklav olduğunu demək çətindir".

Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hazırda Ermənistanın işğalı altında olan digər 4 kənd anklav vəziyyətindədir:

"Təbii ki, onlar da gələcək perspektivdə müəyyən problemlər yarada bilər. Amma bu, indinin məsələsi deyil. Bunu da qəbul etmək lazımdır. Həmin məsələlər delimitasiya və demarkasiya prosesi zamanı öz həllini tapacaq".

Ekspert vurğulayıb ki, Qazaxın 4 kəndinin təhvil verilməsi gələcəyə dair ümidləri artırır:

348853

"Düşünürəm ki, Qazaxın 3 kəndi və Kərki kəndinin də bu il içərisində Azərbaycana qaytarılması mümkündür. Amma cari ildə bu problemin tam olaraq həll olması bir qədər proqmatik məsələdir. Nəzərə almaq lazımdır ki, bu proseslər İrəvanda çox ciddi əks-səda doğurur. Xüsusilə, Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilir. Buna baxmayaraq, həmin aksiyalar çox böyük insan kütləsini əhatə etmir. 

Ümumiyyətlə, Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyən bir elektorat da var. Lakin orada Rusiyaya və erməni lobbisinə bağlı revanşist radikal müxalifət qüvvələri də mövcuddur. Onlar də Paşinyanı bu və ya digər şəkildə devirmək üçün əllərindən gələni edirlər".

Politoloq vurğulayıb ki, digər kəndlərin də qaytarılması Azərbaycan üçün prioritetdir:

"Əlbəttə ki, Azərbaycan bu məsələ ilə bağlı da heç bir güzəştə getməyəcək. Yaxın və ya uzaq perspektivdə həmin 4 kəndlə bağlı məsələlər də öz həllini tapacaq. Düşünürəm ki, həminkəndlər də əvvəl-axır Azərbaycana qaytarılacaq". 

Pərviz

0