“Qaraca qız” filmində “Tutu” obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda “Tutu” obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan öncə bizim üçümüzü də 23 saylı orta məktəbə qonaq çağırmışdılar. O xanım da gəlmişdi. Rəhmətlik Şamil Mahmudbəyov gözəl kino çəkmişdi, sonra 1 saat 20 dəqiqəlik filmi 45 dəqiqə etdilər. Həmin xanımın çəkildiyi yerlərin əksəriyyəti təəssüf ki, kəsildi. Orada “Tutu”nun uşaqlığı, necə rəqs etməyi öyrənməsi və s. çəkilmişdi. Bunu da həmin qadın oynayırdı. O bizdən çox kiçik idi. Bəlkə də dörd yaşı heç olmazdı. Ən çox pulu mən aldım. “Tutu” roluna iki nəfər çəkilmişdi deyə qonorar da onların arasında bölüşdürüldü”.
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin “Xədicə”si Leyli Axundova deyib.
“Hazırda həmin xanımla heç bir əlaqəm yoxdur. Təəssüf ki, onu itirmişəm, münasibətim qalmayıb. Bəzən məndən soruşurlar ki, Leyli xanım, sizin fəxri adınız var? Deyirəm ki, heç nəyim yoxdur. Hər kəs bu filmin adını eşidən kimi tərifləyir. İndi belə kino çəkən var ki?! Mən həmişə fəxr edirdim ki, o filmdə çəkilmişəm”, - deyə o bildirib.
Leyli xanım deyir ki, filmdə digər uşaqların çəkildiyini öncədən bilməyib.
“Mən heç bilmirdim ki, filmdə başqa hansı rollar var. Bir onu bilirdim ki, məni parkda gördülər, atam icazə vermədi çəkilməyə və biz çıxıb getdik Rusiyaya istirahətə. Sonra onlar bildilər ki, atam rəssamdır. Ona görə də Rəssamlar İttifaqından atamı tapıb, teleqram göndərdilər. Çəkilişlər başlamışdı, dayım dedi ki, rejissor Leylini gözləyir. Atam o qədər deyindi ki. Mənə demişdilər ki, rejissor üçün şeir deyərsən. Şamil Mahmudbəyov şeir deməyə qoymadı, dedi ki, görmürsünüz ki, bu Xədicədir?” - deyə o bildirib.