Gündə neçə stəkan çay içməliyik? - Mütəxəssis AÇIQLADI 

SAĞLAMLIQ
10:38 / 29.04.2024
713

"Çay Azərbaycan mətbəxinin vazkeçilməz isti içkilərindən hesab olunur". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, çayı düzgün qaydada dəmləmək lazımdır:

"Eyni zamanda, dəmlədikdən nə qədər müddət sonraya qədər onu içə biləcəyimizi nəzərə almalıyıq. Həmçinin, hansı müddətdə, nə qədər miqdarda içəcəyimiz də çox önəmlidir. Çünki çaydan düzgün istifadə etməmək sağlamlığımıza zərər verə bilər".

Mütəxəssis qeyd edib ki, həddindən artıq tünd və ya açıq rəngdə çay içmək tövsiyə olunmur:

"Çünki həddindən artıq tünd çay içmək ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Açıq çay içdikdə isə onun tərkibindəki faydalı elementlərdən yararlana bilmirik. Ümumiyyətlə, çay 10-15 dəqiqə ərzində dəmlənməlidir. 

Dəmləndikdən sonra 30-35 dəqiqə ərzində içilib bitirilməsi yaxşı olar. Dəmlənmiş çayı həddindən artıq müddət saxladıqda tərkibindəki maddələr dəyərini itirir və daha zərərli maddələr ifraz etməyə başlayır. Bu da orqanizm üçün təhlükəlidir".

Ekspertin sözlərinə görə, dəmlənmiş çayı uzun müddət sonra qəbul etdikdə ağız boşluğunda xoşagəlməz qoxular yarana bilər:

"Bu da ağızın mikroflorasının pozulmasına və dişlərin saralmasına gətirib çıxarır. Ümumiyyətlə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək daha faydalı hesab olunur. Yeməkdən dərhal sonra çayın içilməsi isə onun tərkibindəki faydalı makro və mikro elementlərin orqanizmə daxil olmasının qarşısını alır. 

Xüsusilə də dəmirin düzgün şəkildə həll olmasına əngəl olur. Yeməkdən sonra dərhal çay içən insanlarda qan azlığı problemi də yarana bilir. Ona görə də bunlara diqqət etmək lazımdır".

348959

Həmsöhbətimiz diqqətə çatdırıb ki, gün ərzində 2-3 stəkan çay içilməsi məqbuldur:

"Miqdarla desək, bir dəfədə 200 milliqramı nəzərdə tutmalıyıq. Armudu stəkanda isə bu rəqəm 6-7 stəkana qədər artırıla bilər. Bundan başqa, səhərlər içilən çay orqanizm üçün enerji mənbəyidir. Ancaq axşam saatlarında içilən çay isə daha çox yuxu rejiminin pozulmasına və mədədə turşuluğun artmasına gətirib çıxarır". 

Məhsəti Hüseynova vurğulayıb ki, keyfiyyətli və mənşəyi bəlli olan yerdən çay almalıyıq:

"Əgər tez dəm alırsa, bu, onda əlavə kimyəvi boyalardan istifadə olunmasını göstərir. Amma təbii və keyfiyyətli çay dəmlənərkən dərhal rəng almır. 

Onu da bildirim ki, çayı dadlı etmək üçün onun tərkibinə digər ədviyyatlardan əlavə edə bilərik. Bura nanə, kəklikotu, müxək, darçın, hili aid edə bilərik. Daha enerjili olmaq və immun sistemini gücləndirmək üçün çaya zəncəfil qatmaq da faydalı hesab olunur". 

Pərviz

0