Dörd ildən sonra eyni ünvanda oxşar cinayət törətdi - Zaqataladakı hadisənin TƏFƏRRÜATI

HADİSƏ
14:44 / 29.04.2024
670

Ötən gün Zaqatalada müştəri kafe sahibinə 10-dan çox bıçaq zərbəsi vurub.

 
Hadisə rayonun Qandax kəndində baş verib. Kənd ərazisində fəaliyyət göstərən kafeyə gələn müştəri, Qandax kənd sakini 38 yaşlı Tural Bayramovla kafeni işlədən Qandax kənd sakini 33 yaşlı Nurlan Muradov arasında mübahisə baş verib.
 
Bəs hadisə nədən qaynaqlanıb?
 
HİT.az Bizim.media-ya istinadən xəbər verir ki, zərərçəkmişin atası Zəkər Muradovun sözlərinə görə, Tural Bayramov kafeyə gələndə artıq gec imiş və sahibləri obyekti bağlayıb getmək istəyirmişlər. Məlum olub ki, Tural kafeyə gələndə içkili olub. Haradasa başqa bir məkanda yeyib-içib gəlibmiş. Oğlu Nurlan müştəriyə deyib ki, “artıq gecdir, kafeni bağlayırıq”. Tural isə bununla razılaşmayıb və ona xidmət göstərilməsini tələb edib.
 
Beləcə mübahisə yaranıb və davaya çevrilib. Bu məqamda Tural evdən gətirdiyi bıçaqla oğlu Nurlan Muradova çoxsaylı bıçaq xəsarəti yetirib.
 
Hadisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alan Nurlan Muradov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Müalicəsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Zərərçəkənin atası Zəkər Muradov bildirir ki, Tural kafeyə gələndə özü də orada olub. Kafe sahibləri duyuq düşəndə ki, müştəri içkilidir, məkanı bağlayıb tez oradan uzaqlaşmaq istəyiblər. Lakin Tural Bayramov bununla razılaşmayıb. Bu məqamda Nurlan atasını evə göndərib. Deyib ki, bir neçə dəqiqə keçsin, müştərini yola verib gələcək. 
Lakin Tural Bayramov kafe sahibinin tələbinə nə məhəl qoyub, nə də oradan çıxmaq istəyib. Əksinə sifarişlər verməyə başlayıb. Beləcə iki həmkəndli arasında mübahisə davaya çevrilib, sonra isə bıçaqlanma baş verib. 
 
Hadisədən sonra Nurlan xəstəxanaya çatdırılıb, Tural Bayramov isə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov bildirir ki, hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Xəsarətlərlə bağlı məhkəmə ekspertizası təyin olunub. 
 
Araşdırmalar zamanı məlum olub ki, hadisəni törətməkdə təqsirli bilinən Tural Bayramov 2020-ci il fevralın 20-də də eyni əmələ görə - həmkəndlisini mübahisə zəminində bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb. O, bir müddət əvvəl azadlığa çıxıb.  
 
Bu dəfə isə o, kafenin sahibinə xəsarət yetirib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb. Qeyd olunduğu kimi T.Bayramov artıq şübhəli şəxs kimi saxlanılıb və barəsində istintaq araşdırmalarına başlanılıb.

0