"TikTok yarandığı gündən cəmiyyət tərəfindən qıcıqla qarşılanıb".
Bu sözləri psixoloq Vəfa Rəşidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hətta bir çox insan risk edib TikToka daxil olmaq belə istəmirdi:
"Bu platformada nə olduğuna baxmağa belə ehtiyat edən insanlar var idi. Çünki TikToka daxil olanda xoşagəlməyən kadrlarla qarşılaşacaqlarını düşünürdülər. İnsanların şüuraltında TikTokun əxlaqsız bir yer olduğuna dair fikir formalaşıb".
Buna baxmayaraq, həmsöhbətimiz sözügedən platformadan düzgün istifadə edən insanların da olduğunu söyləyib:
"TikTokdan yaxşı istifadə edən insanlar da var. Hətta oradan yaxşı mənada pul qazanan şəxslərə də rast gəlirik. Atalar sözündə deyildiyi kimi, kim nədirsə, odur. Yəni sənin daxilin nədirsə, qarşına da o çıxacaq. Hər kəs öz maraqlarına uyğun məzmunlara baxır".
Lakin psixoloq hesab edir ki, TikTok sağlamlığımız üçün təhlükəlidir:
"TikTok beyinləri xəstə edən sosial şəbəkədir. Çünki keçidlər həddindən artıq sürətlidir. Məsələn, "Facebook" və "Instagram"da kəskin keçidlər yoxdur. TikTok isə insanların psixologiyasına mənfi təsir göstərir və onların beynini yorur. TikTokda 3-5 dəqiqə qalmaq belə insanın enerjisini alır. Bu platforma insanların düşünmə qabiliyyətinə mənfi təsir göstərir, diqqətsizlik və yaddaş problemi yaradır".
Pərviz