Azərbaycana pul köçürmələri azalıb: 3 səbəb var

10:42 / 02.05.2024
429

2024-cü ilin ilk rübündə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 465.2 milyon manat vəsait daxil olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ötən ilin yanvar-mart ayları ilə müqayisədə sürətli pul köçürmələrinim həcmi azalıb. Daha dəqiq desək, sürətli pul köçürmələri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 30.9 faiz və ya 207.6 milyon manat aşağı düşüb. 

Maraqlıdır, bu azalmaya təsir edən əsas səbəblər nələrdir? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən iqtisadçı ekspert Elman Sadıqov bildirib ki, Azərbaycana xaricdən köçürülən pulların əsas hissəsi Rusiya, Ukrayna və Türkiyədən daxil olur:

349235

"Rusiya, Ukrayna və Türkiyədəki mövcud vəziyyət isə bəllidir. Rusiyada insanların rifahı aşağı düşüb. Həmçinin, həmin ölkədə dollarla bağlı vəziyyət, dollar köçürmələrinə qoyulan məhdudiyyətlər kimi amillər Azərbaycana köçürülən pullara da ciddi təsir göstərir. 

Üstəlik, həm sanksiyalar, həm də Ukraynada aparılan müharibə səbəbindən Rusiyada əhalinin alıcılıq qabiliyyəti də öncəki illərə nisbətən aşağı düşüb. Nəticə etibarilə, orada yaşayan və işləyən azərbaycanlıların da gəlirləri müəyyən dərəcədə azalıb. Bu isə öz növbəsində Azərbaycana köçürülən pulların həcminin azalmasına səbəb olub".

Ekspert Ukraynada davam edən müharibənin də ölkəmizə göndərilən pulların həcminə ciddi təsir göstərdiyini deyib:

"Düzdür, Ukraynanın müharibə getməyən ərazilərində azərbaycanlılar işləyirlər. Buna baxmayaraq, Ukraynanın bir çox ərazisində müharibə getdiyi üçün ölkədə biznes zəifləyib, azərbaycanlılar oradan köçüb, biznesləri və ya obyektləri dağılıb. Əlbəttə ki, bu da Azərbaycana köçürülən pulların həcminin azalmasına gətirib çıxarıb".

Elman Sadıqov Türkiyədəki vəziyyətin də statistikaya təsirindən danışıb:

"Türkiyədəki əsas problem isə türk lirəsinin dollar qarşısında kəskin ucuzlaşmasıdır. Lirə ilə qazanan azərbaycanlıların daha baha olan dolları alaraq ölkəmizə göndərmə imkanları azalıb. Bu da sözügedən statistikaya təsir göstərir.

Hesab edirəm ki, ölkəmizə xaricdən pulların köçürülməsi daha çox azala bilərdi. Amma azalmanın nisbətən az olmasının səbəbi Orta Asiya və digər ölkələrdə azərbaycanlıların işləyib qazanması və sözügedən ölkələrdə pul köçürmələrinə ciddi mənfi təsirin olmamasıdır".

Pərviz

0