Aydın Hüseynov: "Ərdoğanın səfəri Türkiyə-İraq münasibətlərində yeni səhifə açıb"

DÜNYA
16:48 / 02.05.2024
374

"Türkiyə və İraq arasında münasibətlərdə qarşılıqlı addımların yaratdığı müsbət atmosfer var. Hər iki ölkənin qədim tarixə malik adət-ənənələri, dostluq münasibətləri var. İraq terrorla mübarizə, enerji geosiyasəti, iqtisadi əlaqələr, daxili sabitlik və rəqabət baxımından Türkiyə üçün ən strateji ölkələrdən biridir. İqlim dəyişikliyi ilə bağlı ekoloji problemlər İraqa getdikcə daha çox dağıdıcı təsir göstərir. Su problemi də həllini gözləyən ən kritik məsələlərdəndir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri Türkiyə-İraq münasibətlərində yeni səhifə açıb. İraq-Azərbaycan münasibətlərinə gəldikdə isə, rəsmi Bağdad ölkəmizin ərazi bütövlüyünü tanıyıb. 20 noyabr 2023 –cü il tarixdə İraq Prezidenti Əbdüllətif Camal Rəşid ölkəmizə rəsmi səfər edib. Bu səfər iki ölkə arasında yeni əməkdaşlıq və dostluq münasibətlərinə öz tövhəsini verəcək”.

Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib.

Deputat qeyd edib ki, atılan addımların fonunda orta və uzunmüddətli perspektivdə Azərbaycanla İraq arasında münasibətləri gücləndirə biləcək ortaq maraqlar var: 

“Bunlar iqtisadi qazanclar, alternativ ticarət və enerji yollarının tikintisi, müdafiə sahəsində əməkdaşlıq kimi sıralana bilər. Əvvəla, ticarət və enerji sütunlarında iki əsas layihə Türkiyə və İraq üçün son dərəcə strateji əhəmiyyətə malikdir. Bunlardan biri İraqın cənubu ilə Türkiyəni birləşdiriləcək 1200 kilometrlik avtomobil və dəmir yolu xəttidir ki, bunun vasitəsilə Fars körfəzi ölkələri də birbaşa Türkiyə üzərindən Avropa bazarına çıxa biləcək. Bu xətti Çindən Avropaya şaxələnmiş İpək Yolunun bir hissəsi də adlandırmaq olar. Orta dəhlizin rentabelliyini artıracaq nəqliyyat infrastrukturu Qırmızı dəniz-Süveyş kanalı marşrutundan fərqli olaraq , yolu 20-25 gün qısaldacaq. Azərbaycan İpək Yolunun bir şaxəsi olacaq 1200 kilometrlik avtomobil və dəmiryolu xəttindən Fars körfəzinə çıxış əldə etməkdə maraqlıdır. Yüklərin daşınmasında alternativ yolların olması asılılığı da azaltmış olacaq. Həm də Fars körfəzinə qısa yol axtaran Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən çıxışı da ölkəmizə əlavə gəlirlər gətirəcək, yeni iş yerlərinin açılmasına, vətəndaşlarımızın maddi-rifah halının yaxşılaşmasına dəstək olacaq”.

Sevinc

0