Azərbaycan futbolunda rəqabət problemi: "Qarabağ"la digər klublar arasındakı fərq artır

İDMAN
10:30 / 06.05.2024
584

Son illərdə Azərbaycan Premyer Liqasında intriqanın olmadığı müşahidə olunur. 

Demək olar ki, "Qarabağ" hər il çox asanlıqla sona bir neçə tur qalmış çempion olur. Üstəlik, çempionluq yolunda ciddi rəqabətlə də üzləşmir. Bundan başqa, "Qarabağ"la "Neftçi" arasında keçən matçlar da ağdamlıların böyük hesablı qələbələri ilə başa çatır. Həmçinin, digər komandalar da çempionluq mübarizəsinin gerisində qalırlar. 

Bəs "Qarabağ"la digər komandalarımız arasında belə fərqin yaranmasına və liqada rəqabətin olmamasına səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, Azərbaycan çempionatında rəqabətin olmamağı bütövlükdə futbolun inkişafına zərər vuran amildir:

349487

"Artıq 10 ildən yuxarıdır ki, “Qarabağ” çempionluq mübarizəsində rəqabət görmür. Amma bunun günahı “Qarabağ”da deyil. “Qarabağ” Azərbaycan futbolunda rəqabətin yaranması üçün hər şey edib. Yəni ortaya inkişaf üçün nümunə qoyub. Ancaq təəssüf ki, digər klublarda idarəetmə sistemindəki naqisliklər klub futbolunun da inkişafının qarşısını alıb. 

İllərdir ki, bu problem haqqında car çəkirik: Deyirik ki, “Qarabağ”ın Azərbaycan futbolundan götürün, yerdə heç nə qalmayacaq. Bəs hanı ayrılan vəsait? Axı bütün klublar bu və ya digər şəkildə dövlətdən maliyyələşir. Xüsusən də “Neftçi”. Bu komandaya dövlət tərəfindən sanballı məbləğ ayrılır. Bəs nəticə niyə yoxdur? Bunun da səbəbi idarəetmədən qaynaqlanır". 

Onun sözlərinə görə, qeyri-peşəkarların fəaliyyəti “Neftçi”nin inkişafının qarşısını alır: 

"Əvvəlki rəhbərlik getdi, sonra gələnlər nə etdilər? Adrian Mutunu baş məşqçi postuna gətirdilər. Hansı əsasla, hansı məntiqlə? Buna heç kim cavab vermir. Mutunu göndərib, komandaya uyğun olmayan daha bir əcnəbi mütəxəssisi gətirdilər. Elə bil ki, qəsdən belə edirlər, inadkarlıqla deyirlər ki, bu xalqın vəsaitini əcnəbilərə xərcləyəcəyik. 

Bu, artıq aksiomadır: Klub futbolunun, ümumilikdə Azərbaycan futbolunun problemi naşı idarəçilikdən qaynaqlanır. Bu problem həll edilməyənə, kadr islahatı düzgün olmayana qədər futbol təsərrüfatımızda inkişaf, o cümlədən klub futbolunda rəqabət olmayacaq".

Pərviz

0