"Son günlərdə uşaqlar arasında göy öskürək xəstəliyinə yoluxma sayında artım var".
Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, həm də qızılca xəstəliyi də yayılmağa davam edir:
"Bu virus bəzi regionlarda bitib, bəzilərində isə hələ yeni yayılmağa başlayır. Həmçinin, son günlərdə uşaqlar arasında yayılan xəstəliklərdən biri də qripdir. Düzdür, qış aylarına nisbətən xeyli azalıb, amma yenə də yoluxanlar var".
İnfeksionist onu da diqqətə çatdırıb ki, hazırda kəskin respirator virus infeksiyaları da yayılıb:
"Yəni zökəm simptomları ilə müşahidə olunur. Biz onlara qripəbənzər viruslar deyirik. Lakin göy öskürək və qızılca kimi xəstəliklərdən peyvənd vasitəsilə qorunmaq olar. Onların yayılmasına səbəb də peyvənd olunmamaqdır.
Nəzərə almaq lazımdır ki, qızılca və göy öskürək peyvəndi 6 yaşa qədər olan uşaqlara vurulan vaksinlər sırasındadır. Göy öskürək peyvəndi tetanus və difteriya xəstəliklərinə qarşı da qoruyur. Yəni bir vaksinlə üç təhlükəli xəstəlikdən qorunmaq mümkündür. O peyvəndləri vurdurmadıqda isə uşaqlar belə xəstəliklərlə yoluxurlar. Ona görə də uşaqlara peyvənd vurdurmaq lazımdır".
Mərdan Əliyev qeyd edib ki, digər viruslar isə təbii, mövsümi xəstəliklərdir:
"Uşaqlar bağçalarda və məktəblərdə bir-birləri ilə təmasda olarkən yoluxmalar artır. Qrip isə kəskin xəstəlikləri arasındakı ən ağır xəstəlikdir. Bu, yüksək qızdırma, halsızlıq, əzələ ağrıları kimi simptomlarla özünü göstərir. Hətta pnevmaniya kimi ağırlamaşmalar da ola bilir. Amma onun da qarşısını almaq üçün peyvənd var. İstənilən şəxs bu peyvəndi vurdura bilər".
Pərviz