Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb.
HİT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun məlumatına görə, əməli törətməkdə şübhəli bilinənlər - şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb.
Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ötən gün futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında xoşagəlməz hadisə baş verib. Gəncədə keçirilən qarşılaşmanın final fitindən sonra qonaq komandanın futbolçuları azarkeşlər tərəfindən döyülüb.
İnsidentə səbəb isə matç zamanı “Qəbələ” futbolçularının təhqirə məruz qalması olub. Oyun başa çatandan sonra hər iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu zaman meydana daxil olan üç azarkeş futbolçulara və məşqçilərə hücum çəkib. İnsident zamanı “Qəbələ”nin futbolçularından Ş.R və Ə.G ciddi xəsarət alıblar.