Şuşada "Xarıbülbül" festivalı başladı, Prezident və birinci xanım açılışda iştirak etdi - YENİLƏNİB

MƏDƏNİYYƏT
15:42 / 11.05.2024
759

Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər.

HİT.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik.

Hörmətli qonaqlar, əziz dostlar.

Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik.

Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq.

Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir.

Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.

Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi.

Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir.

Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik.

Mən xarici qonaqları səmimiyyətlə salamlayıram. Builki “Xarıbülbül” festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər.

Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun.

x x x

Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış etdi.

Salim bin Məhəmməd əl-Malikin çıxışı

- Rəhimli və mərhəmətli Allahın adı ilə.

Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Məhəmməd Peyğəmbərə salam və dua olsun!

Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva.

Hörmətli iştirakçılar, hörmətli nazirlər, səfirlər, hörmətli qonaqlar.

Allahın salamı, rəhməti və bərəkəti sizə olsun.

O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi?

Şuşa 1751-ci ildə banisi Pənahəli xan tərəfindən ümidlərlə salınıb. Dünya şəhərlərini qoynuna alaraq öz mədəniyyəti ilə onları tanış edib, öz ticarət əlaqələrini möhkəmləndirib. Onun tacirlərinin əks-sədası bütün dünyadan gəlib. Onlar oralara təkcə xalça, qumaş parçalar və mərmər deyil, həm də şeir, poeziya, fəlsəfə, gözəl tablolar göndəriblər. Göndərilənlər içərisində musiqi alətləri də var idi. Ustalar onları sevgi ilə hazırlayıb və nadir yaradıcılıq nümunələri kimi şəhərlərə paylayıblar.

Şuşa daim yüksəklikdə, ucalıqdadır. Onun mütəfəkkirləri, yaradıcı insanları Şuşanın Qafqaz müsəlman kimliyini öz qələmlərində və mürəkkəb qablarında daşımışlar. Onunla Azərbaycan insanının şəxsiyyətini, mədəniyyət hüdudlarını qoruyub saxlamışlar. Buna görə də şəhərin bayrağı daim uca olmuşdur. Qəddar düşmənlər onun şirinliyini ələ keçirmək üçün hər zaman pusquda durmuşlar, lakin şəhər çox keçməmiş öz əziz vətəninin qoynuna qayıtmışdır, qəlblərdə əbədi qalmışdır. Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu, ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini, dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, bəstəkar Fikrət Əmirovu, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Dünən böyük xanəndə Bülbülün evində olanda divarlar, mebellər, ağacların kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir, övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir, enməyən bir bayrağa işarə edir.

Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Belə ki, bu Fond, Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir.

Bu, hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təəccüblü deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir.

Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Şuşanın əzəmətini bilənlərdə iftixar hissləri coşdu.

Həmin dövrdə ICESCO uzaqda deyildi, Azərbaycan xalqını sevindirən onu da sevindirdi, cəmiyyətin sevincinə qoşuldu. Buna görə də təşkilat vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar.

ICESCO, həmçinin buraya irs missiyası göndərib və bu, azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Bu, tarix kitablarında və vəfa dəftərində qalacaq həqiqətdir. ICESCO bu işə dünən başlamışdır. Amma təşkilat bu gün və sabah da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək, sevinc və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğullarının və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin və saflıq müşkünün daşıyıcısı olan şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya eşq olsun!

Cənab Prezident, Sizə, Birinci vitse-prezidentə, hökumət və parlament üzvlərinə, bütün Azərbaycan xalqına mübarəkdir deyirəm. Allah Şuşanı hifz etsin. Allah Azərbaycanı qorusun. Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır! Sağ olun.

14.17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər.

Hit.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.

12.12

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər.

HİT.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

09.33

Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

HİT.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival Şuşa şəhəri ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.

0