Qonşu Sudandan olan 500 min qaçqına sığınacaq verən Çadın 18 milyonluq əhalisinin üçdəbiri ərzaq təhlükəsizliyinə və qida yardımına ehtiyac duyur.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb. İqlim dəyişikliyi, təhlükəsizlik üçün təhdidlər, ərzaq və yanacağın qiymətlərinin artması səbəbindən ölkədə vəziyyətin daha da gərginləşdiyi qeyd edilib. Belə ki, mart ayından bəri Çad leysan yağışı və daşqınlardan əziyyət çəkir, əhali qeyri-qanuni silahlı qruplaşmaların hücumlarına məruz qalır.
Hazırda ölkədə 2,4 milyon insan qida çatışmazlığı ilə üz-üzədir. Bildirilib ki, əgər əsaslı yardım göstərilməsə, bu rəqəm yaxın vaxtda 3,3 milyona qədər arta bilər.
Məlumatda 2024-cü il üçün Çadın humanitar ehtiyaclarnın cəmi 6,6 faiz maliyyələşdirildiyi vurğulanıb. BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Grifits maliyyələşdirilməmiş fövqəladə halları dəstəkləmək üçün fevral ayında Çada 15 milyon dollar ayırıb.