Putin müdafiə nazirini nə üçün dəyişdi? - ŞOK SƏBƏBLƏR

DÜNYA
10:31 / 14.05.2024
995

"Vladimir Putinin müdafiə nazirini dəyişəcəyi prezident seçkilərindən bir müddət öncə məlum idi". 

Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən azad etməsini şərh edərək deyib. 

O xatırladıb ki, Kremlə yaxın mətbuat orqanlarında bununla bağlı davamlı şəkildə məlumat verilirdi:


"Hətta ilk dəyişikliklərdən birinin Sergey Şoyqu ilə bağlı olacağı ehtimalları kifayət qədər yüksək idi. Məsələ burasındadır ki, Putini Ukraynaya təcavüz qərarına başlamağa vadar edən səbəblərdən biri məhz elə Müdafiə Nazirliyinin reallığa uyğun olmayan proqnozlar idi. Onlar, 2 həftə ərzində Ukraynanı dizə gəticəklərini hesab edirdilər".

Ekspert Şoyqunun vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan hadisələrdən də söz açıb:
"Müharibənin müxtəlif dövrlərində Ukrayna cəbhənin ayrı-ayrı bölgələrində üstünlüklər əldə etdi. Həmçinin, uzun müddətdir Ukrayna Silahlı Qüvvələrinin tərəfindən Rusiya əraziləri belə hədəf alına bilir. Bundan başqa, zamanında "Vaqner" hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin ordu ilə bağlı dediklərini, qrupun ondan sonrakı etirazlarını və Moskva ətrafına qədər maneəsiz gəlmələrini də qeyd etmək lazımdır. Bütün bunlar isə təbii ki, Putində Şoyqunun dəyişdirilməsi ilə bağlı müəyyən fikirlər formalaşdırmışdı". 

Politoloq söyləyib ki, hər kəs Vladimir Putin növbəti dəfə Prezident seçiləndən sonra Sergey Şoyqunun vəzifəsindən azad olunacağını bilirdi:


"Amma onun Rusiya Prezidentinə yaxınlığı, orduya təsir imkanları və Putinin biznes ortağı olması kimi məsələlər də var. Yəni Şoyqunu tamamilə kənara atmaq mümkün deyildi. Ona görə də onun üçün ən münasib post tapıldı və Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi ilə bağlı qərar verildi. Hesab edirəm ki, Şoyqu Putinlə nə qədər yaxın olsa da, Ukrayna cəbhəsindəki uğursuzluqları və "Vaqner"in qarşısını ala bilməməsi onun dəyişdirilməsinə səbəb oldu".

Pərviz

0