Qubad İbadoğlu: "Hasilatın azaldılması neft şirkətlərində ixtisara səbəb olacaq"

İQTİSADİYYAT
12:22 / 03.05.2020
2387

“Düşünürəm ki, SOCAR-da ixtisarlar olacaq. Amma onun sayı ilə bağlı əvvəlcədən rəqəm söyləmək çətindir, çünki ixtisarların səviyyəsi SOCAR-ın qərarlarından asılıdır və SOCAR OPEC+ formatında qəbul edilən sövdələşməyə uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə qərar verib”.

Bunu iqtisadçı-professor Qubad İbadoğlu bildirib.
O xatırladıb ki, bu öhdəliklər yalnız SOCAR-ın istismar etdiyi yataqlar üçün müəyyənləşməyib, həm də Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ), yəni BP-nin əməliyyatçısı olduğu “Azəri-Çıraq-Günəşli” yataqları və digər əməliyyat şirkətlərinin istismar etdiyi yataqlarda da hasilata şamil olunub. 

İqtisadçı qeyd edib ki, üç mərhələdə həyata keçiriləcək hasilatın azaldılmasında I mərhələ - yəni may və iyun ayları daha ağır olacaq. O bildirib ki, bu müddətdə Azərbaycanda öhdəliyə uyğun olaraq gündəlik 96 min barel hasilat azaldılacaq və hasilatın azaldılması BP, SOCAR və digər hasilatla məşğul olan şirkətlərdə ixtisara səbəb olacaq: “Amma düşünürəm ki, ən böyük ixtisarlar BP-nin və SOCAR-ın nəzarətində olan  əməliyyatlar üzrə olacaq. SOCAR üçün birinci mərhələdəki gündəlik hasilatın 17 min barellik azalma öhdəliyi növbəti mərhələdə 12 min barellik azalma ilə əvəz olunacaq. Sonuncu mərhələdə isə yəni gələn ilin aprel ayının sonunadək gündəlik  azalma 6 min barelə düşəcək. İstənilən halda SOCAR hazırda işdən kənarlaşdırdığı bəzi işçiləri iki aydan sonra geri qaytara bilər, bəzi işçilər yaxşı halda gələn il də geri qayıda bilər. Amma bəzi işçilər tamamilə işini itirə bilər. SOCAR qərar verib ki, quruda neft hasilatını məhdudlaşdırsın. Çünki quruda neft hasilatının maya dəyəri daha yüksəkdir və burada neft hasilatını məhdudlaşdırmaq o deməkdir ki, quyunu bağlamaq lazımdır. Quyunun bağlanması və sonradan açılması hər iki mərhələdə kifayət qədər xərc tələb edir. Quyunun bağlanması onun hər hansı elektrik şəbəkəsindən ayrılması demək deyil. Bağlanma üçün lazım olan ciddi prosedurlar var və quyununyenidən bərpası da daha çox xərc tələb edən məsələlərdəndir. Quyu bağlanan dövrdə onu bağlayanlar və bərpa edənlər də fərqli işçilər olur. Quyunun istismarında istifadə olunan işçi qüvvəsi də başqadır. Burada ən çox iş yerini itirən o istismara cəlb olunan işçi qüvvəsidir. Quyular istismar olunmadığından o adamlara SOCAR-ın ehtiyacı yaranmayacaq. SOCAR təbii ki, onları işdən azad etmək məsburiyyətində qalacaq”.
Q. İbadoğlu qeyd edib ki, işdən azad olunan işçilərin sayı minlərlə nəfər olacaq. “Onların sayı istənilən halda minlərlə olacaq. Ola bilər bu rəqəm 5 minə qədər, ola bilər daha çox oldu”, - deyə o əlavə edib.  

Amma SOCAR deyir ki, işyerləri ixtisar olunmayacaq və işçiləri işdə saxlanılacaq. BP-də də eyni kateqoriyalı problemlər yaranacaq, çünki BP-nin  daha çox öhdəliyi var və BP iki  ayda hasilatını hər gün 76 min barel hasilatı azaltmalıdır və bu da müəyyən mənada xərclərin artması, son nəticədə xərclərin optimallaşdırılması üçün işçilərin ixtisarına gətirib çıxara bilər.”- Q.İbadoğlu vurğulayıb.

6
Mənbə: Moderator.az