Ermənistan və Gürcüstanda etirazlar: Arxasında bu ölkə dayanır

DÜNYA
10:36 / 16.05.2024
763

"Gürcüstan və Ermənistanda eyni vaxtda etirazların başlaması təsadüf deyil".

Bu sözləri politoloq Rizvan Hüseynov Hit.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu, Rusiya və Qərb arasındakı qarşıdurmanın təzahürüdür:

"Rusiya Ermənistandakı dayaqlarını qorumağa çalışır. Keşiş Baqratın yürüşü və baş verən proseslər də planın tərkib hissəsidir. Amma görünən odur ki, Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə hələlik bu problemin qarşısını ala bildi. Hətta İrəvanla Moskva regionda formalaşan yeni geosiyasi reallığı qəbul etdilər".

350358

Ekspert qeyd edib ki, iki tərəf də güzəştə getdi:

"Hazırda rus hərbçiləri Azərbaycan-Ermənistan sərhədindən çıxır. Nikol Paşinyan isə rus hərbçilərin İran və Türkiyə ilə sərhədlərdən də çıxmasını istəyirdi. Buna baxmayaraq, ortaq məxrəcə gələ bildilər. Əslində bu, onsuz da çoxdan baş verməli idi. 

Amma sülhməramlıların Qarabağdan çıxmasından sonra rus əsgərləri Azərbaycan-Ermənistan sərhədinin bəzi yerlərindən də getdilər. Bu da ki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri idi". 

Politoloq xatırladıb ki, indi çıxarılan rus hərbçiləri rəsmi İrəvanın xahişi ilə 2021-ci ilin may ayında Azərbaycanla sərhədə yerləşdirilmişdi:
"İndi isə Rusiya ilə Ermənistan müvəqqəti olaraq razılaşdığı üçün İrəvandakı çaxnaşma və etirazlar səngidi. Bu, iki ölkə arasındakı razılaşmadan sonra baş verdi. Rəsmi Moskva etirazçılara dəstəyini dayandırdı". 

Amma Rizvan Hüseynov diqqətə çatdırıb ki, Rusiya Ermənistanın əvəzinə Gürcüstanda aktivləşdi:

"Çünki Gürcüstanda da Qərblə Rusiya arasında siyasi çəkişmə var. Onun axırının necə olacağını isə zaman göstərəcək. Ümumiyyətlə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regionda yeni siyasi vəziyyət formalaşıb. Gürcüstan və Ermənistan da yeni reallıqlara uyğun konfiqurasiya qurmağa çalışır. Ona görə də Ermənistan da, Gürcüstan da belə siyasi təlatümlər yaşayır".

Pərviz

0