Nikol Paşinyan payızda Bakıya gələcək?

SİYASƏT
12:02 / 20.05.2024
520

"Son dövrlərdə Azərbaycan və Ermənistan arasında müəyyən mənada razılaşmalar əldə olunub". 

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Qazaxın 4 kəndinin qaytarılması buna bariz nümunədir:

"Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya prosesinin sürətlənməsi də mütərəqqi bir hadisədir. Buna baxmayaraq, iki ölkə arasında çox məsələlər öz əksini tapmayıb. Ermənistan daxilində hökm sürən siyasi qarışıqlıq və Baş nazir Nikol Paşinyana qarşı olan proseslər fonunda hadisələrə çox tərəfli prizmadan baxmaq lazımdır. Paşinyan daxildə baş verən aksiyaları yatırtmalıdır. Düşünürəm ki, xalqın əksəriyyəti Nikol Paşinyanın tərəfindədir". 

350722

Ekspert vurğulayıb ki, noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində Azərbaycana müxtəlif ölkələrdən qonaqlar gələcək:

"Bu, böyük bir tədbir olacaq. Təbii ki, xaricdən gələn qonaqların siyahısını Azərbaycan dövləti təyin edir. Hətta Nikol Paşinyan da bu tədbirdə iştirak edə bilər. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayan bütün 199 ölkənin nümayəndə heyətləri iştirak edə bilər. Ancaq Nikol Paşinyanın bu tədbirdə iştirak etməsi Azərbaycan hökumətinin siyasi iradəsindən asılı olacaq".

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında müharibə yeni bitsə də, sülh müqaviləsi imzalanmayıb:

"Bundan başqa, erməni cəmiyyətindən türkfobiya hələ də davam edir. Bunu İkinci Qarabağ müharibəsindən sonra da görə bilirik. Düzdür, erməni xalqının içində sağlam düşüncəli insanlar var, amma bu çox azlıq təşkil edir. Hazırda Azərbaycan və Ermənistan arasında diplomatik kanallar çərçivəsində danışıqlar gedir". 

Rüstəm Tağızadə onu da əlavə edib ki, Azərbaycan və Ermənistan arasında noyabr ayına kimi sülh müqaviləsi bağlanmasa da, çərçivə sazişi imzalanması çox yaxşı olardı:

"COP29 tədbirinə kimi bu baş verə bilər. Təbii ki, sülh prosesinə mane olan böyük qüvvələr də var. Erməni dövlətinin siyasi iradəsi də hal-hazırda Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bu amillər region üçün də böyük əhəmiyyət kəsb edir. Rəsmi Bakı isə gedən prosesləri diqqətlə izləyir". 

Pərviz

0