Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunub

ÖLKƏ
12:29 / 20.05.2024
589

Respublika Klinik Xəstəxanasında ilk dəfə icra olunan endoprotez əməliyyatı uğurla başa çatıb.
 
59 yaşlı pasiyent üzərində həyata keçirilən bud-çanaq oynağının total artroplastikası (endoprotez) əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
 
10 ildən artıq müddətdə sol bud-çanağında ağrıları olan şəxs müvafiq müayinələrdən keçirildikdən sonra ona sol bud-çanağın 4-cü dərəcəli koksartroz diaqnozu təyin edilib və cərrahi əməliyyata qərar verilib.

Əməliyyat xəstəxananın Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Eldar Əsədli və travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən həyata keçirilib.
 
Əməliyyatdan sonra pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
 
Qeyd edək ki, mayın 20-si Ümumdünya Travmatoloqlar Günü kimi qeyd edilir. Respublika Klinik Xəstəxanasında olduğu kimi TƏBİB-in digər tabeli tibb müəssisələrində sözügedən istiqamətlərdə işlər davam etdirilir. 2023-cü ilin noyabr ayında Qubada Regional Travmatoloji Mərkəz yaradılıb və hazırda fəaliyyətini uğurla davam etdirir. Yaxın gələcəkdə digər regionlarda da travmatoloji mərkəzlərin yaradılması nəzərdə tutulub.

0