Argentina prezidenti Xavyer Miley İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşının ünvanına diplomatik qalmaqala səbəb olan sözlərə görə üzr istəmək niyyətində deyil.
HİT.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi bildirib.
"İnfobae" portalının məlumatına görə, Miley Madriddə ifrat sağçı "Vox" partiyasının təşkil etdiyi tədbirdə çıxışı zamanı Sançesin həyat yoldaşı Bequnya Qomezi "korrupsioner" olmaqda günahlandırıb və sosializmin yoxsulluğa səbəb olduğunu da qeyd edib. Bundan sonra İspaniya Argentinadakı səfirini geri çağırıb və XİN rəhbəri Cənubi Amerika ölkəsinin elçisini çağıraraq Mileydən açıq üzr istəməsini tələb edib.
"Prezident Miley üzr istəmək niyyətində deyil, üzr istəməyə borclu deyil, əslində İspaniya hökuməti son 15 gündə aldığı bütün təhqirlərə görə prezidentdən üzr istəsə, çox şad olarıq", deyə prezidentin sözçüsü Manuel Adorni bildirib.
O, həmçinin qeyd edib ki, Miley çıxışında İspaniya baş nazirinin xanımını birbaşa qeyd etməyib.
İspaniyanın xarici işlər naziri Jose Manuel Albarez daha əvvəl demişdi ki, əgər Miley üzr istəməsə, hökumət buna uyğun hərəkət edəcək. "Radio Cadena Ser" diplomatik münasibətlərin kəsilməsindən söhbət gedə biləcəyini irəli sürüb.
Samir