Gürcüstandakı qarşıdurmanın əsl səbəbi nədir?

DÜNYA
12:26 / 21.05.2024
535

"Gürcüstandakı qarşıdurma sadəcə Prezident Salome Zurabişvili ilə Baş nazir İrakli Kobaxidze arasında deyil".

Bu sözləri politoloq Turab Rzayev Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, Rusiya ilə Qərb arasındakı qarşıdurmadır:
"Bu isə Gürcüstan siyasətində özünü biruzə verir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qərb, xüsusilə ABŞ tərəfindən açıq şəkildə dəstəklənirdi və Rusiya qarşı mövqe ortaya qoyurdu. Amma ondan sonra Gürcüstanda ABŞ və ya Rusiya ilə düşmən olmayan, hər iki tərəf ilə ortaq mövqe tutan bir hakimiyyətin olmasına qərar verildi. Buna baxmayaraq, rəsmi Tiflis ümumi istiqamət olaraq Qərb, Avropa İttifaqı və NATO-ya inteqrasiya siyasətini əsas prinsip kimi seçdi".

Lakin ekspert qeyd edib ki, bu siyasət son dövrlərdə kritik şəkildə dəyişib:
"Hökümətin "xarici agentlər haqqında" qanunu qəbul etməsi, Bidzina İvanişvilinin yenidən partiya sədrliyinə qayıtması və Baş nazir dəyişikliyinin yaşanması prosesləri fərqli məcraya istiqamətləndirdi. Üstəlik, yeni Baş nazir İrakli Kobaxidze Avropa və ABŞ-ni tənqid etdi. 

Ölkə bunun əvəzinə Rusiya və Çinə istiqamətləndi. Halbuki, Gürcüstan Avropa İttifaqı və NATO-ya üzvlüyü özünə məqsəd qoymuş ölkədir. Bu da Gürcüstan hakimiyyəti ilə bağlı suallar doğurur. Üstəlik, Rusiya ilə təyyarə uçuşları bərpa olundu, sərhədlər açıldı, Rusiya və Çinlə viza rejimi ləğv olundu".

Politoloq hesab edir ki, İvanişvilinin son zamanlarda sərtləşən anti-Qərb ritorikasını bəzi qüvvələr qəbul etmir:

"Burada təkcə Gürcüstan müxalifətində deyil, həm də hakimiyyət koalisiyasında olan Qərbpərəst qüvvələr var. Prezident Salome Zurabişvili özü də Qərbpərəstdir. Bu, hökumət ilə Prezident arasındakı ilk toqquşma deyil. Bundan əvvəl də Rusiya ilə aviauçuşlar bəpra olunanda Zurabişvili ölkə əhalisini Gürcüstan Hava Yollarını baykot etməyə çağırdı. Həmçinin, Saakaşvilinin azadlığa çıxmasını veto etməyəcəyini bildirdi. 

Bunlardan sonra Zurabişviliyə qarşı impiçment prosesi başlatmaq istədilər, amma alınmadı. "Xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsi, İvanişvilinin tərəfdarlarını mitinqə çağırması və Qərbi tənqid etməsi səbr kasasını daşırdı. Bu gün İvanişvilinin açıq ruspərəst siyasətinə qarşı Zurabişvili Qərbpərəst siyasət yürüdür. Bu da qarşdurmaya səbəb olur. Bundan sonra nələr olacağını isə zaman göstərəcək".

Pərviz

0