Xalq artisti Emin Ağalarov Bakıda keçiriləcək “Dream Fest” beynəlxalq musiqi festivalı ilə əlaqədar mətbuat konfransı keçirib.
İş adamı jurnalistlərin suallarını cavablandırıb.
Ağalarov qeyd edib ki, bu festivalın xərcləri “Jara”dakını üstələyəcək:
“Altıgünlük festival üçün təxminən 7-8 milyon dollar xərclənəcək. Çünki çıxış edəcək artistlər bütün dünyadan olacaq. Siyahılarımız hər həftə yenilənir”.
O əlavə edib ki, hazırda Enriki İqlesias, Cennifer Lopez və Riki Martin kimi dünya ulduzları ilə danışıqlar aparılır:
“Hələ dəqiq cavab almamışıq. Onların məhz bu yay olacaq festivalda iştirak edib-etməyəcəyi bəlli deyil. Ümid edirəm, üçündən biri təsdiqlənər”.
E. Ağalarov bu ilin martında Moskvada “Crocus Hall”da baş vermiş terror aktı zamanı Müslüm Maqomayev muzeyinə zərər dəyməməsi barədə də danışıb: “Çox böyük faciədir. Təəccüblüdür ki, muzeyə zərər dəyməyib. Onun hara köçürüləcəyi ilə bağlı yekun qərar yoxdur”.
Qeyd edək ki, “Dream Fest” 23-28 iyul tarixlərində keçiriləcək. Festivalda bir çox dünya ulduzları ilə yanaşı Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Tünzalə Ağayeva və Röya Ayxan da çıxış edəcəklər. ("Qafqazinfo")