Bayden İlham Əliyevə məktub göndərdi

SİYASƏT
12:32 / 25.05.2024
367

ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

HİT.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinə dəyər verir. Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk.

Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda, Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq.

Azərbaycanın müstəqilliyinin qeyd edildiyi bu bayramda Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq edir. Biz Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq və bu səyləri dəstəkləməyə hazırıq. Ən əsası isə, biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".

0