Azərbaycan Kuboku xarici ölkələrdə keçirilə bilər?

İDMAN
10:08 / 27.05.2024
528

Dünyanın bəzi ölkələrində kubok və ya superkubok oyunları xarici dövlətlərdə keçirilir. 

Məsələn, İspaniya, İtaliya və hətta qardaş Türkiyə Futbol Federasiyaları tərəfindən bununla bağlı qərarlar verilir. Sözügedən ölkələrin komandaları Səudiyyə Ərəbistanı, ABŞ, Çin kimi ölkələrdə superkubok oyunlarını keçirirlər. 

Bəs Azərbaycan futbolunu dünyada tanıtmaq məqsədilə analoji addım atıla bilərmi və ya atılmalıdırmı? 

Tanınmış idman jurnalisti Natiq Muxtarlı Hit.az-a açıqlamasında bildirib ki, bəzi Avropa ölkələrində kubok və superkubok oyunları xaricdə, xüsusən də Asiya və ABŞ-də keçirilir: 

351235

"Hansı ki, onların klublarına dünyanın hər yerində azarkeşlik edirlər. “Yuventus”un, “Milan”ın, “Real”ın, “Barselona”nın dünyanın istənilən ölkəsində milyonlarla azarkeşi var. Bu komandaların xaricdə oynaması həm klubların özləri, həm də onları dəvət edən ölkələr üçün biznesdir. 

Yəni deyək ki, İspaniya superkubokuna ev sahibliyi edən Səudiyyə Ərəbistanındakı təşkilatçılar bilirlər ki, biletlər nə qədər baha olsa da, arena dolacaq və reklam gəlirləri əldə edəcəklər". 

Həmsöhbətimiz qeyd edib ki, belə bir biznes bazarında Azərbaycan klubları xaricilərə lazım deyil:

"Onlara kim yatırım qoyar? Azərbaycan çempionatının oyunları boş tribunalar önündə keçirilir. Biz özümüz öz klublarımızın oyunlarına baxmırıqsa, Səudiyyə Ərəbistanında kim baxar? 

Bizim indiki vəziyyətdə əsas vəzifəmiz bu olmalıdır: Necə edək ki, Azərbaycanda futbol olsun, rəqabətədavamlı klublar yaransın, azarkeşlər stadionlara gəlsin. Biz hələ siçan düzəldə bilmirik, amma fil düzəltməyi arzulayırıq. Nağıl qurmaqla məşğul olsaq, təbii ki, heç vaxt siçan düzəltməyi də öyrənə bilməyəcəyik".

Pərviz

0