Marin Le Pen: "Makronun bu açıqlaması dünya müharibəsinə doğru addımdır"

DÜNYA
17:20 / 30.05.2024
272

Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə zərbə endirməsini dəstəkləyən Fransa prezidenti Emmanuel Makronun mövqeyi dünya müharibəsinə doğru daha bir addımdır.

HİT.az xəbər verir ki, bunu Fransa parlamentindəki Milli Cəbhə fraksiyasının rəhbəri Marin Le Pen deyir. 

"Makron Fransanın müharibəyə girməsini istəyir. Bu bəyanat ona doğru əlavə addım idi. Mən bunun əleyhinəyəm və inanıram ki, bu, vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük risk yaradır", deyə Le Pen bildirib.

O qeyd edib ki, Kiyevə yalnız müdafiə silahlarının verilməsini dəstəkləyir:

"ABŞ və Almaniya kimi, mən də Ukraynanın Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə etməsinə icazə verilməsinin əleyhinəyəm. Bu, Fransanın cəbhə xəttində olacağı münaqişədir",

Le Penin fikrincə, danışıqlara qayıtmaq lazımdır və bunun əvəzində Makron cəmiyyəti Ukraynaya qoşun yeridilməsi elanına hazırlayır:

"Dialoqun yolunu tapmaq lazımdır, çünki qələbə hərbi yolla olmayacaq".

Le Penə görə, Fransa artıq vasitəçi rolunu oynamağa çalışmır, bunu başqa ölkələr edir:

"Ya qələbənin hərbi xarakter daşımayacağını bildiririk, ya da Yüzillik Müharibə şəklində davam edirik. Bunu Ukrayna və Rusiyadan başqa heç kim həll edə bilməz, lakin bəzi ölkələr öz mövqelərini yaxınlaşdırmağa cəhd edə bilərlər".

Çərşənbə axşamı Makron deyib ki, Ukraynaya Rusiya ərazisindən atəş açılan hədəfləri vurmağa icazə verilməlidir. Onun fikrincə, Ukraynaya Rusiya hərbi obyektlərini vura bilən uzaqmənzilli silahların verilməsi münaqişənin genişlənməsini təşkil etmir. Makron həmçinin bildirib ki, Volodimir Zelenskinin gələn həftə Fransaya səfəri zamanı Kiyevə əlavə yardım, o cümlədən fransalı hərbi təlimatçıların göndərilməsi barədə məlumat verəcək.

Samir

0