Moskva ilə əlaqəli yanğın və təxribatdan sonra Avropa yüksək hazırlıq vəziyyətindədir - The Guardian

DÜNYA
19:01 / 30.05.2024
280

Baltikyanı ölkələr, Almaniya və Böyük Britaniyada ard-arda yanğın və infrastruktura hücumlardan sonra bütün Avropanın təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətindədir.

HİT.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Müstəntiqlər artıq Rusiyanın Şərqi Londondakı yanğında, Polşada ticarət mərkəzində baş verən yanğında, Almaniyanın Bavariya əyalətində blokada cəhdində və Parisdə antisemitizm yazılarında iştirakının mümkün olduğunu açıqlayıblar. Bu insidentlərin hər hansı birinin əlaqələndirilməsinə dair heç bir sübut olmasa da, təhlükəsizlik xidmətləri Rusiyanın Ukraynanı dəstəkləyən Qərbdə sabitliyi pozmaq cəhdinin bir hissəsi ola biləcəyinə inanır.

Hibrid hücumların Rusiyanın əl işi ola biləcəyi ilə bağlı narahatlıqlar o qədər artır ki, məsələ bu həftə Brüsseldə xarici işlər və müdafiə nazirlərinin sammitində qaldırılıb. Adının çəkilməsini istəməyən nazirlərdən biri "Rus marionetləri tərəfindən təşkil edilən, maliyyələşdirilən və həyata keçirilən təxribatdan" dərin narahat olduqlarını bildirib.

Keçən həftə Polşanın Baş naziri Donald Tusk elan edib ki, Polşa səlahiyyətliləri Rusiya xidmətlərinin sifarişi ilə törədilən təxribat aktları ilə əlaqədar doqquz nəfəri həbs edib. O bildirib ki, cinayətlər arasında "döymə, yandırma və yandırmağa cəhd" var və müstəntiqlər Varşavada ticarət mərkəzində baş verən yanğında Rusiyanın əli olub-olmadığını araşdırır.

Çərşənbə axşamı Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkəsinin artıq Rusiyanın təxribatının qurbanına çevrildiyini bildirib:

"Onlar Estoniyada da oxşar əməliyyatlar keçiriblər. Daxili işlər nazirinin və bir jurnalistin maşınına hücum etmək üçün 10 nəfəri işə götürüblər. Bu, Rusiyanın normal davranışıdır. Bunu dediyimiz üçün üzr istəyirik, lakin başa düşməliyik ki, Rusiya getdikcə Avropa ölkələrinə, eləcə də NATO ölkələrinə qarşı aqressivləşir".

Fransada müstəntiqlər keçən həftə Paris Holokost abidəsinə çəkilmiş qraffitilərin Rusiya kəşfiyyat xidmətləri tərəfindən sifariş edilməsi ehtimalını araşdırır.

Avropa rəsmiləri qorxurlar ki, bu hücumlar Rusiya Federasiyasının artıq yayılan dezinformasiya kampaniyasına əlavədir.

Niderlandın müdafiə naziri Kaisa Ollongren çərşənbə axşamı Brüsseldə deyib ki, Rusiya NATO ölkələrini "qorxumağa çalışır".

"Bəli, biz həssasıq. Bizim həyati infrastrukturumuz var. Bizim dəniz dibi infrastrukturumuz var, elektrik enerjimiz var, suyumuz var, kiberhücumlara qarşı həssasıq. Biz indi bir sıra Avropa ölkələrində görürük ki, Rusiya bizi qorxutmaqla yanaşı, sabitliyi pozmağa çalışır", deyə nazir bildirib.

Samir

0