Ürək-damar xəstəliklərinin artmasına səbəb nədir? - Həkim danışdı 

SAĞLAMLIQ
10:41 / 31.05.2024
508

"Ürək-damar xəstəlikləri bütün dünyada həmişə birinci yerdə gedir".

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib. 

O qeyd edib ki, müasir dövr bu xəstəliyin daha çox olmasına səbəb olur:

"Oturaq həyat tərzi, yağlı yeməklər, mübadilə prosesini pozan qidaların qəbul olunması ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Lakin iş rejimi ilə istirahət rejimini düzgün bölən insanlarda bu xəstəliklərin yaranma ehtimalı çox az olur.

Çünki insan normal istirahət edəndə orqanizmində müxtəlif purin törəmələri deyilən maddələrin tənzimlənməsi getmir. Onların istehsalı çoxalsa da tənzimlənmə gedə bilmədiyi üçün duz şəklində artırlar. Bu zaman da bədəndə metabolik sistem pozulur. Nəticədə, yağların səviyyəsi qalxır və damarlar tıxanır. Bütün bunlar isə ürək-damar xəstəliklərinin inkişafına yol açır".

351568

Həkimin sözlərinə görə, həddindən artıq işləmək də ürək-damar xəstəliklərinə səbəb olur:

"Azərbaycanda insanların əksəriyyətinin işə sərf etdiyi vaxt 12 saatdan az deyil. Bunun müqabilində kifayət qədər pul qazana bilməmək və iş yeri stressi kimi faktorlar yuxu rejiminin pozulmasına gətirib çıxarır. 

Ümumiyyətlə, səhər saat 07:00-də evdən çıxıb axşam işdən 19:00-da evə qayıdan şəxslərin demək olar ki, istirahət etməyə də zamanları qalmır. İstirahət edə bilmədiyi üçün əsəb sisteminin pozulması, habelə yeyilən keyfiyyətsiz qidalar da ürək-damar xəstəliklərinin inkişafını sürətləndirir". 

Pərviz

0