"Avtoritar rejimlər birləşir" - Stoltenberq Şimali Koreya-Rusiya arasındakı paktdan sərt danışdı

DÜNYA
13:03 / 20.06.2024
310

Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtoritar rejimlər arasında artan ahəngdarlığı nümayiş etdirir və demokratiyaların birliyinin vacibliyini vurğulayır.

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla müdafiə sahəsində qarşılıqlı öhdəlikləri nəzərdə tutan müqavilə imzalamışdı ki, bu da Kremlin Pxenyanla bağlı siyasətini ciddi şəkildə dəyişdirir.

Stoltenberq bəyan edib ki, Şimali Koreya Rusiya Federasiyasına “böyük miqdarda döyüş sursatı” verib, Çin və İran isə Ukraynaya qarşı müharibədə Rusiyanın hərbi-sənaye kompleksinə əhəmiyyətli dərəcədə kömək edir.

"Biz başa düşməliyik ki, avtoritar dövlətlər getdikcə daha çox bir araya gəlir. Onlar bir-birini əvvəllər görmədiyimiz şəkildə dəstəkləyirlər. Onların getdikcə birləşdiyi bir vaxtda - Şimali Koreya, Çin, İran, Rusiya kimi avtoritar rejimlər - bizim azadlıq və demokratiyaya inanan ölkələr kimi birləşməyimiz daha vacibdir", deyə Stoltenberq bildirib.

Nəşr qeyd edib ki, Rusiya Federasiyası ilə digər Asiya ölkələri arasında təmasların dərinləşməsi Asiya-Sakit okean regionunda müttəfiqlərlə əməkdaşlığın NATO üçün getdikcə daha çox əhəmiyyət kəsb etməsi deməkdir.

Samir

0