Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə namizədliyini dəstəkləməyib.
HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri vəzifəsinə irəli sürülən Estoniyanın baş naziri Kaya Kallasın namizədliyi ilə bağlı səsvermə zamanı Orban bitərəf qalıb. O, Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa İttifaqı Şurasının sədri vəzifəsinə təyin olunmasını dəstəkləyib.
İyunun 28-də məlum olub ki, Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları növbəti beş il üçün Aİ-nin rəhbər vəzifələrinə təyinatları təsdiqləyib. Ursula fon der Leyen yenidən Avropa Komissiyasının sədri təyin edilib, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının rəhbəri, Estoniyanın baş naziri Kaya Kallas isə Aİ diplomatiyasının rəhbəri olub.
Həmin gün Aİ liderləri Rusiyaya qarşı yeni sanksiya rejiminin yaradılmasına çağırıblar. Səbəb kimi Rusiya Federasiyasının xaricdə sabitliyi pozan hərəkətləri göstərilib.
Samir