Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı rəhbərliyində əsas vəzifələrə namizədlərin təsdiqlənməsini şərh edib. Peskovun fikrincə, Avropa diplomatiyası çətin ki, Rusiya ilə münasibətləri normallaşdırmaq üçün hərəkətə keçsin.
HİT.az xəbər verir ki, o Moskva ilə Brüssel arasında münasibətlərin perspektivlərinin pis olduğunu qeyd edib.
"Xanım Kallas hələ diplomatik meyl nümayiş etdirməyib və bizim aramızda tamamilə barışmaz, hətta bəzən quduzcasına rusofob bəyanatları ilə tanınır. Ona görə də biz düşünmürük ki, Avropa diplomatiyası hansısa şəkildə münasibətləri normallaşdırmaq baxımından hərəkət edəcək", deyə Peskov bildirib.
Bir gün əvvəl Estoniyanın baş naziri Kaya Kalas Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə təsdiqlənib.
Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının sədri vəzifəsinə təyin olunmasından danışan Peskov qeyd edib ki, o, artıq Rusiya tərəfinə yaxşı tanışdır: "Xanım fon der Leyen Aİ ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı deyil, biz onu belə tanıyırıq, onu belə xatırlayırıq. Bununla bağlı heç nə dəyişməyib".
Samir