Almaniya Sosial Demokrat Partiyasından (SPD) Bundestaqın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Maykl Rot Fransada sağçı Milli Cəbhə Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrindən narahatlığını bildirib.
HİT.az xəbər verir ki, onun fikrincə, bu, bütün Avropa üçün dramatik nəticələrə səbəb olacaq.
"Avropapərəst liberal prezident Emmanuel Makronu necə daha yaxşı dəstəkləyə biləcəyimizi kifayət qədər soruşmamışıq. Biz başqa ölkələrdəki siyasi debatlara və problemlərə kifayət qədər diqqət yetirmirik", deyə Rot bildirib.
Onun sözlərinə görə, Makrona alternativ Nikola Sarkozi kimi biri deyil, daha çox Marin Le Pen kimi sağçı millətçidir. Rotun fikrincə, Milli Cəbhənin hakimiyyətə gəlişinin dramatik nəticələri olacaq.
"Fransa vahid Avropanın ürəyidir. Bu ürək rəvan döyünməsə, Avropa İttifaqı "infarkt" keçirə bilər", deyə siyasətçi bildirib.
"Le Parisien" qəzetinin məlumatına görə, Fransada keçirilən parlament seçkilərinin ilk turunda Milli Cəbhə və onun müttəfiqləri 33,4% səs toplayaraq qalib gəlib. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,98% səslə ikinci, prezident Emmanuel Makronun koalisiyası isə 20,76% səslə üçüncü olub. Sonrakı yerdə Respublikaçılar (6,56% səs, 1 seçilmiş) və müxtəlif sağçılar (3,67%, 2 seçilmiş) qərarlaşıb.
Samir