Can verən xidmət sektoru və ya fırıldaqçılıq yarışı

İQTİSADİYYAT
22:10 / 01.07.2024
360

Bir neçə ay öncə bir kafeyə getmişdim. Kafeni işlədən adam türk idi. Hər müştəriyə yaxınlaşır, o dərəcədə şirin dillə  müraciət edib, gözəl xidmət göstərirdi ki, özünü şahzadə kimi hiss edirdin. 

Yeməkdən sonra çayın yanında şirniyyat da “ikramım olsun” deyərək , yola saldı bizi. 

Həmin müəssisəyə sırf o xidmətə görə 2 dəfə yenidən getdim və dostlarıma da məsləhət gördüm. Belə xoş münasibətin qarşılığında verdiyin pul çox olsa belə gözə görünmür. 

Təəssüf ki,  həmin şəxs Bakını tərk etdi və o kafe bizimkilərin əlinə keçdi. Getdim və çox üzüldüm. Oturursan, nə yaxınlaşan var, nə  istəyinlə maraqlanan var. Çay gələndə qənd gəlmir, yemək gələndə çəngəl bıçağı dilinlə istəməli olursan... 

Turizmə açıq bir ölkədə xidmət sektoru ölü vəziyyətdədir. Həm də təkcə kafe restoran sektorunda yox.

Əziyyətlə qazandığın pulu verirsən ki, işini görsünlər, nəticə heç də ürəkaçan olmur. Öz pulunla səni əsəbləşdirirlər.

Pulunu verirsən ki,  gərginləşəsən, macəra yaşayasan?

Saçını rənglədirsən.Yenə eyni vəziyyət .Yanmış, pis günə qalmış saçın üçün üzr əvəzinə  bərbər özündənrazı halda “Bunu məndən öncə pis günə qoymuşdular” deyib, artıq pul da tələb edir. Evinə usta çağırırsan, işə başlamamış pulunu alır, gördüyü işi də yarım yamalaq görüb aradan çıxır.
Mağazaya girisən, ən zay malı sənə sırışdırmaq  üçün yüz yalan deyirlər. 

Meyvəsatan  ərzaqların yaxşısın üstə düzüb, altını çürüklərlə doldurur. Hər səhər evimizdən sanki kimə fırıldaq gəlib, 5-10 manat qazanım arzusu ilə çıxırıq.

Allah burnumuzdan tökməsə də, artan vergilər tökür.

Murad

0