Nazirlikdə üç yeni təyinat

ÖLKƏ
10:22 / 03.07.2024
283

Ədliyyə Nazirliyinə yeni təyinatlar olub.

HİT.az xəbər verir ki, ədliyyə nazirinin müvafiq əmri ilə Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə, Vidadi Məmmədov isə İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə də rəis təyin edilib. Ədliyyə nazirinin müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyənin Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan V.Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.

V.Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsində tibbi elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Seyfəlpaşa Əliyev 1992-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə bakalavr və kommersiya hüququ ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib. 2024-cü ildə Böyük Britaniya hökumətinin nüfuzlu Çivninq (Chevening) Təqaüd Proqramı çərçivəsində Kembric Universitetinin hüquq üzrə magistr proqramında təhsil alıb.

Əmək fəaliyyətinə 2015-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsində aparıcı məsləhətçi olaraq başlayıb.

S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən bu vəzifəyə təyin olunanadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

O, həmçinin 2018-2022-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

0