NATO üzvləri Marin Le Penin Milli Cəbhə Partiyası parlament seçkilərində qalib gələrsə, Fransanın alyansla bağlı siyasətində dəyişiklik olacağından ehtiyatlanır.
HİT.az xəbər verir ki, bu barədə "Euractiv" NATO-dakı diplomatik mənbələrə istinadən yazır.
Qeyd olunur ki, Milli Assambleyada səsvermənin ikinci turunda ifrat sağçılar qalib gəlsələr, onlar ya hökumətə daxil ola, ya da hakim koalisiyanın təşəbbüslərini əngəlləməyə qadir olan güclü parlament azlığına çevrilə biləcəklər.
NATO diplomatlarından birinin fikrincə, Emmanuel Makron prezident olaraq qalmasına baxmayaraq, bu, Fransanın xarici siyasətinə təsir göstərə bilər. Mənbə həmçinin qeyd edib ki, bəzi diplomatlar Fransanın yenidən alyansın hərbi komandanlığından çıxa biləcəyindən və həmçinin NATO-ya hazırda olduğundan daha az, aşağı rütbəli hərbçi göndərməyə başlaya biləcəyindən ehtiyat edirlər.
İyunun əvvəlində Makronun partiyası Avropa Parlamenti seçkilərində Milli Cəbhəyə uduzaraq ikinci yeri tutub. Bundan sonra Fransa prezidenti Milli Assambleyanı buraxıb və növbədənkənar seçkilər elan edib.
Fransa parlamentinə keçirilən seçkilərin ilk turunda Marin Le Penin Milli Cəbhəsi 33,2% səslə birinci, Makronun Birlikdə Partiyası isə 21% səslə üçüncü olub. İkinci yeri sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” alyansı tutub - 28,1%.
Samir