"Türk Dövlətləri Təşkilatının sammitinin Şuşada keçirilməsi tarixi hadisədir" - Ekspert

SİYASƏT
10:32 / 09.07.2024
403

"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi əhəmiyyətə malikdir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, təşkilatın özü üçün də əlamətdar hadisədir:
"Çünki Türk Dövlətləri Təşkilatı yeni yaranmış beynəlxalq təşkilat olaraq hələlik strukturlaşma mərhələsindədir. Belə bir şəraitdə ildə bir dəfə rəsmi zirvələrinin keçirilməsi ilə paralel qeyri-rəsmi sammitlərinin də keçirilməsi qurumun təşkilatlanması və strukturlaşması baxımından çox önəmlidir. 

Üstəlik, bu qeyri-rəsmi sammitin Azərbaycan Prezidentinin çağırışı ilə olmasını da qeyd etmək lazımdır. Bu da öz növbəsində Türk Dövlətləri Təşkilatı içərisində Azərbaycanın sözünün önəmli olduğunu nümayiş etdirən faktordur".

Ekspert sözügedən sammitin işğaldan azad olunmuş, türk və islam dünyasının mədəniyyət paytaxtı statusunu daşımış bir şəhərdə keçirilməsini də xüsusi vurğulayıb:


"Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi sammitində müzakirə olunan məsələlər də vacib idi. Qəbul olunmuş bəyanatda əks olunan müddəalar da bunu göstərir. Bu zirvədən sonra təşkilatın yeni strukturlarının yaranacağı da gözlənilir. 

Onun vitse-prezidentlər və ya baş nazirlərdən ibarət şurasının yaradılmasının qərarlaşdırılması və bunun bəyannamədə yer alması da mühüm hadisədir. Həmçinin, türk dövlətlərinin əməkdaşlığı istiqamətində də bəzi yeni sazişlərin anonsu verildi".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yeni bir layihə olaraq tətbiq etdiyi "ağıllı kənd" layihəsi türk dövlətləri tərəfindən dəstəklənir:


"Həmçinin, iqlim dəyişikliyi dövründə dayanıqlı kəndlər formunun keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması da çox əhəmiyyətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, sözügedən sammit türk dünyasının strategiyasının müəyyənləşdirilməsi və daha da konkretləşdirilməsi istiqamətində öz rolunu oynayacaq.

Bundan başqa, Avrasiyanın əsas dəhlizləri sayılan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi türk dünyası dövlətlərinin əməkdaşlığının daha da möhkəmlənməsini bir zərurətə çevirir. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın güclənməsi gələcəkdə Avrasiya nəqliyyat dəhlizlərinin daha səmərəli işləməsini təmin edəcək".

Pərviz

0