Bu adamlar xəstələnməkdən ötrü “ölürlər” - Maraqlı sindrom

SAĞLAMLIQ
19:37 / 11.07.2024
377

Bu gün sizə çox maraqlı bir sindrom, psixoloji problem barədə məlumat verəcəyik.

Bu adamlar özlərinə diqqət çəkmək üçün tez-tez xəstələnməyi və xəstəxanalara üz tutmağı sevirlər. Bu xəstəliyin adı "Munhauzen" xəstəliyidir. Adı 18-ci əsrdə yaşamış yalançı, öz danışdıqlarına inanan baron Münhauzenin adından götürülüb.

Hit.az-a açıqlama verən həkim Sevinc Qurbanova bildirib ki, bu sindroma tutulanlar ətrafdakı insanların diqqətini çəkmək üçün özünü xəstə kimi aparır.

“Münhauzen sindromu psixiatrik pozuntudur. Həkimlər onları “professional xəstə” adlandırırlar. Bu sindrom çox vaxt keçirilmiş ağır xəstəlikdən, yaxın adamın itkisindən, sevgilisindən ayrılandan sonra və ya tənhalıqdan yaranır.

Yalançı xəstələr  qarında baş verən ağrılardan şikayətlənir və dərhal əməliyyat olunmaq istəyirlər. Onlar çox zaman  hansısa xəstəliyi, sancını o qədər ustalıqla imitasiya edirlər, həkimləri də çaş-baş salırlar. Qan müayinəsinin nəticələri normal olduğu halda xəstə şiddətli ağrılardan şikayət edir. Bu adamlar əməliyyat olunmağa həvəslidirlər.

Yalançı xəstələrin  bəzilərində keçici baş ağrısı, epileptik tutma, iflic, bayılma, hissiyyatın itirilməsi kimi əlamətlər yaranır. Bu  problemlə üzləşənlərin hamısında patoloji yalançılıq və emosional gerilik müşahidə olunur”,- deyən həkim qeyd edib ki, onlar tibb kitabları ilə maraqlanıb, müxtəlif xəstəliklər barəsində yaxşı məlumat toplayırlar deyə doğmalarını da inandıra bilirlər.

Murad

0