Banklarda zamin problemi: Kredit verəndə zaminə xəbər edilmir?

İQTİSADİYYAT
10:55 / 18.07.2024
751

Banklarla bağlı daha bir şikayət var. 

Bununla bağlı redaksiyamıza müraciət olunub. Şikayətçilər bildiriblər ki, bəzi banklar onların xəbəri olmadan kredit verilməsi zamanı adlarını zamin kimi yazıblar. Onlar, bank tərəfindən zənglə xəbərdarlıq belə almadan nömrələrinin də qeyd olunduğunu söyləyiblər. Şikayətçilər sözügedən problemlə bağlı müvafiq banklara və məhkəmələrə müraciət etdiklərini bildiriblər. 

Bəs belə problemlə qarşılaşan vətəndaşlar nə etməlidirlər? Ümumiyyətlə, banklar kredit verilməsi zamanı zəng etmədən və heç bir xəbərdarlıq etmədən kimisə zamin olaraq qeyd edə bilər? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Elşən Bağırzadə Hit.az-a danışıb. O bildirib ki, zamin mütləq şəkildə kreditin verilməsində iştirak etməlidir:

354364

"Kredir götürülən zaman zamin göstərilən şəxs mütləq surətdə banka gedib imza atmalıdır. O, gəlirləri ilə bağlı bəyannamə verməli və kreditin sənədləşdirilməsində iştirak etməlidir.  Ümumiyyətlə, zaminin xəbəri olmadan kreditin verilməsi mümkün deyil".

Ekspert sözügedən şikayətlərin istisna ola biləcəyini söyləyib:

"Bəlkə hansısa bank işçisi öz dostu və ya tanışı olduğu üçün xüsusi yanaşaraq bu addımı atıb. Amma belə halların kütləvi şəkildə baş verməsi mümkün deyil. Sadəcə bəzi istisnalar ola bilər. 

Üstəlik, zamin məsələsi telefon zəngi ilə də həll olunmur. Bank kredit götürəndən əlavə əlaqə vasitəsi deyil, zamin istəməlidir. Əgər əlaqə vasitəsi istənilsəydi, ailə üzvlərinin və ya qohumlarının nömrələrini verə bilərdilər. Zaminlər isə bank qanunvericiliyinə əsasən mütləq gedib imza atmalıdırlar. Nəzərə almaq lazımdır ki, zaminin məsuliyyəti olur. Yəni şəxsin özünün razılığı olmadan bank onun üzərində məsuliyyət yarada bilməz". 

Mütəxəssis bu halda atılacaq addımlar barəsində də danışıb:

"Təkcə bank sahəsində deyil, istənilən sahədə kimsə zamin qoyulursa, mütləq bundan xəbəri olmalıdır. Çünki bu, mülki hüququn təməl prinsiplərindən biridir. Kiminsə buna göz yumması isə qayda pozuntusudur. Bu isə artıq hüquqi məsələdir. Bununla bağlı ya bank tədbir görməlidir, ya da zamin özü məhkəməyə müraciət etməlidir. Buna uyğun olaraq da mülki qanunvericiliyin pozulmasına görə müvafiq tədbirlər görülə bilər".

Pərviz

0